Yoluxucu xəstəlikdən qorunmağın 10 yolu
Uca Allah buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, Allah onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar haqqa qayıdalar. De: “Yer üzünü gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın. Onların çoxu Allaha şərik qoşanlar idi” (ər-Rum, 41-42).
Həmçinin buyurur: “Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. Siz yer üzündə Allahdan yaxa qurtara bilməzsiniz. Allahdan başqa sizin nə bir himayəçiniz olar, nə də bir köməkçiniz” (əş-Şura, 30-31).
Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: “Ey mühacirlər, beş əməl var ki, bunların aranızda baş verməsindən Allaha sığınıram. Əgər bir qövmdə zina açıq-aşkar yayılarsa, Allah onları vəbaya və ata-babalarının bilmədikləri xəstəliklərə düçar edər. Bir qövm tərəzidə aldadarsa, Allah onları quraqlıq, çətin yaşayış və zalım hakimlə imtahan edər” (İbn Məca, 4019).
Şəkk yoxdur ki, bütün bəlaların və müsibətlərin səbəbi günahlardır. Əgər biz bəşəriyyətin tarixinə nəzər salsaq görərik ki, Adəm yaranandan bəri baş verən bütün bəlalar məhz günahlar səbəbindən olmuşdur.
Adəm və Həvvanın Cənnətdən qovulmalarına səbəb nə idi? İblisin Allahın lənətinə düçar olmasına səbəb nə idi? Nuhun dövründə bütün yer üzünü su basmasına səbəb nə idi? Lut, Ad, Səmud qövmlərinin bəlaya düçar olmalarına səbəb nə idi? Bütün bunların bir cavabı var ki, bu cavab da günahlardır.
Bəlaların baş verməsinin səbəbi günahlar və Allahı unutmaq olduğu kimi, bəlalardan qurtulmağın yeganə yolu da tövbə edib Allaha pənah gətirmək və Ondan yardım istəməkdir. Bunun bəzi yolları aşağıdakılardır:
1. Bəla baş verməzdən əvvəl ondan qorunmaq üçün dua:
[Bismilləhi-l-ləzi lə yədurru məa-smihi şeyun fi-l-ardi va lə fi-s-səməi va huvə-s-səmiu-l-alimi]
«Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Biləndir!» (üç dəfə)
Osman ibn Affan (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini eşitmişəm: “Kim səhər açılanda üç dəfə: «Allahın Adı ilə! Hansı ki, adı çəkildikdə yerdə və göydə heç bir şey zərər verə bilməz. O, Eşidəndir, Biləndir!» - deyərsə, axşama qədər qəfil bəlalara düçar olmaz. Əgər axşam deyərsə, səhərə qədər qədər qəfil bəlalara düçar olmaz”. (Əbu Davud, 4/323; ət-Tirmizi 5/465).
2. Bu duanı çox demək: [Lə ilahə illə əntə. Subhanəkə, inniy kuntu minə-z-zalimin]
«Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!»
Uca Allah buyurur: “Zün-Nunu (Yunus) da yada sal! Bir zaman o qəzəbli halda qövmündən ayrılıb getmiş və onu sıxıntıya salmayacağımızı güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi: “Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!” (əl-Ənbiya, 87-88).
İbn Kəsir (Allah ona rəhmət etsin) “Biz möminləri belə xilas edirik!” ayəsinin təfsirində demişdir: “Yəni möminlər çətinlikdə olduqda, Bizə üz tutsalar, xüsusilə də bəla nazil olan vaxt bu duanı etsələr, Biz möminləri xilas edərik”. Sonra İbn Kəsir Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu hədisini qeyd etmişdir: “Yunus Peyğəmbər balığın qarnında olduğu vaxt bu duanı etmişdi: “Səndən başqa məbud yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam!” Uca Allah bu duanı edənin duasını qəbul edər”. (ət-Tirmizi, 3505).
İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) özünün “əl-Fəvəid” əsərində demişdir: “Dünyada baş verən bəlaları Tövhid (Allahı ibadətdə təkləşdirmək) qədər qaldıran ikinci bir vasitə yoxdur. Bu səbəbdən bəla üz verərkən edilən dua tövhid kəliməsidir “Lə iləhə illə Əntə” (Səndən başqa ibadətə layiq haqq məbud yoxdur). Yunusun (ona Allahın salamı olsun) etdiyi duanı deyən elə bir bəlaya düçar olan insan yoxdur ki, Allah Tövhid kəliməsinə görə ondan bu bəlanı uzaqlaşdırmasın. Allaha şərik qoşmaq kimi bəlaya salan başqa bir səbəb yoxdur, Tövhid kimi bəladan qurtaran başqa bir səbəb yoxdur”.
3. Bəla məşəqqətindən və bədbəxtçilikdən Allaha sığınmaq.
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dua edərkən bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından Allaha sığınardı” (əl-Buxari, 6347). Başqa bir hədisdə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) əmr edərək demişdir: “Bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından Allaha sığının!”
4. Evdən çıxarkən Allahı zikr etmək.
Ənəs (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Kim evindən çıxarkən «Allahın adı ilə! Allaha təvəkkül etdim. Qüdrət və güc yalnız Allahdadir!» [Bismilləh, təvəkkəltu aləllahi və lə həulə və lə quvvətə illə billəh] deyərsə, ona (mələk tərəfindən) belə deyilər: “Doğru yola hidayət olundun, qane edildin və qorundun”. Şeytanlar ondan uzaqlaşar. Başqa şeytan ona (yəni, digər şeytana) yaxınlaşmaq istədikdə digəri belə deyər: “Hidayət olunmuş, qane edilmiş və qorunmuş adama sənin üçün necədir?” (Əbu Davud, 4/325 və ət-Tirmizi, 5/490).
5. Səhər və axşam Allahdan afiyət (salamatlıq) diləmək.
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) səhər və axşam bu duanı deməyi heç vaxt tərk etməzdi: “Allahım! Dünyada və Axirətdə Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Dinim, dünyam, ailəm və malım üçün Səndən əfv və salamatlıq diləyirəm! Allahım! Eyiblərimi ört və qorxularımdan məni xatircəm et! Allahım! Məni önümdən, arxamdan, sağımdan, solumdan və başımın üstündən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə sığınıram!”
[Allahummə, inniy əs'əlukəl-afvə vəl-afiyətə fid-dunya vəl-axira. Allahummə, inniy əs'əlukəl-afvə vəl-afiyətə fi diyniy və dunyayə və əhliy və maliy. Allahumməstur auratiy və amin rauatiy. Allahumməhfəzniy min bəyni yədeyyə və min xalfiy və an yəmiyniy və an şimaliy və min fəuqiy və əuzu biazəmətikə ən uğtalə min təhtiy]” (Əbu Davud və İbn Macə; Bax: «Səhih İbn Macə», 2/332.)
6. Ümumən dua etməyi çoxaltmaq.
Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Sizlərdən kimə dua qapısı açılarsa (dua etməyə müvəffəq olunarsa), bilsin ki, artıq ona rəhmət qapıları açılmışdır. Allaha ən sevimli dua Ondan afiyət istəməkdir”. Başqa bir hədisdə: “Dua nazil olan və olmayan bəlaları uzaqlaşdırır. Odur ki, ey Allahın qulları dua etməyi çoxaldın!”. (ət-Tirmizi, 3548).
7. Xəstəllik olan yerlərə getməmək.
Rəvayət edilir ki, (bir dəfə) Səd ibn Əbu Vəqqas (Allah ondan razı olsun) Usamə ibn Zeyddən (Allah ondan razı olsun): “Sən Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) taun (xəstəliyi) barəsində nə eşitmisən?”- deyə soruşdu.” Usamə dedi: “Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: “Taun murdar bir şeydir. Vaxtı ilə bu (xəstəlik) İsrail oğullarına və ya sizdən əvvəl yaşamış insanlara göndərilmişdi. Belə bir xəstəlik harada olursa-olsun, o yerə getməyin. Əgər bu xəstəlik siz olduğunuz yerdə yayılarsa, ondan qaçıb (canınızı qurtarmaq məqsədilə) oranı tərk etməyin.” (əl-Buxari, 3473).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Xəstəni sağlam olanların arasına gətirməyin” (əl-Buxari, 5774).
8. Yaxşılıq etməyi çoxaltmaq.
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Yaxşılıq etmək sahibini baş verəcək pisliklərdən, bəlalardan və fəlakətlərdən qoruyur. Həqiqətən, dünyada yaxşılıq edənlər, Axirətdə də yaxşılıqla qarşılaşacaqlar” (əl-Hakim, 429).
İbn əl-Qeyyim (Allah ona rəhmət eləsin) demişdir: “Xəstəliyi müalicə edən ən böyük səbəblərdən yaxşılıq etmək, Allahı zikr etmək, dua etmək, Allaha dönmək, tövbə etməkdir. Həqiqətən bu əməllərin xəstəliyin müalicəsində və şəfa tapmaqda dərmanlardan daha çox təsiri vardır”. (Zədul-Miad)
9. Gecə namazları qılmaq.
Bilal (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Gecə namazını qılın! Çünki o, sizdən əvvəlki əməlisalehlərin adətidir. Gecə namazı Allaha yaxınlıq, günahlardan çəkinmə, günahlara kəffarə və bədən xəstəliyini aparandır” (ət-Tirmizi, 3549).
10. Gecə yatarkən açıq qabların ağzını örtmək.
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Qabları örtün, tuluqları bağlayın! Həqiqətən ildə bir gün var ki, o gün vəba xəstəliyi gəzər. Ona gorə də elə ağzı örtülməmiş qab və ya ağzı bağlanmamış tuluq yoxdur ki, onun içinə ondan nəsə nazil olmasın!” (Muslim, 2012).
İbn əl-Qeyyim demişdir: “Bu, tibb elminin qarşısında aciz qaldığı bir şeydir”.
Hər bir müsəlman baş verən müsibətləri səbirlə, təmkinlə qarşılayıb, bütün işlərini Allaha həvalə etməlidir. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran yalnız Allahdır. Qəlblər yalnız Onu zikr etmələ rahatlıq tapar. Heç bir şey Onun izni olmadan baş verə bilməz. Onun rəhməti olmasa heç bir bəla aradan qalxa bilməz. Yalnız Ona itaət etməklə xoşbəxtliyə nail olmaq olar. Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) zövcəsi Aişə (Allah ondan razı olsun) demişdir: “(Bir dəfə) mən Peyğəmbərdən (Allahın ona salavatı və salamı olsun) taun barəsində soruşdum. O mənə dedi: “Bu bir əzabdır, Allah onu istədiyinə göndərir. (Bununla belə) Allah onu möminlər üçün bir mərhəmət etmişdir. Belə ki, yaşadığı məmləkətdə taun yayılmış bir adam səbir edərək və savabını (Allahdan) diləyərək, üstəlik bu xəstəliyin ona yalnız Allahın qəzavü-qədəri ilə yoluxa biləcəyinə etiqad edərək o yerdə qalarsa, ona şəhidin savabı qədər savab yazılar.” (əl-Buxari, 3474).