Rəsulullahın köksünün yarılması
Muhəmməd peyğəmbərin köksünün yarılması iki dəfə baş vermişdir. Birinci dəfə onun köksü kiçik yaşlarında ikən yarılmışdır. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: “Peyğəmbər uşaqlarla oynayarkən Cəbrail onun yanına gəldi, onu tutub yerə yıxdı və köksünü yarıb qəlbini çıxartdı. Sonra onun içindən qan laxtası çıxartdı və Peyğəmbərə: “Bu, şeytanın səndə olan nəsibidir”– dedi. Onun qəlbini qızıl ləyənin içində Zəmzəm suyu ilə yuduqdan sonra onu bağladı. Sonra da onu yerinə qaytardı. Bunu görən uşaqlar tələsik onun süd anasının yanına gəlib: “Muhəmməd öldürüldü!”– dedilər. Dərhal hamısı onun yanına gəldi. Onun rəngi qaçmışdı”. Ənəs dedi: “Mən tikişlərin yerini onun köksündə görürdüm”. (Səhih Muslim, 1/147).
Şeytanın nəsibinin Peyğəmbərin qəlbindən təmizlənməsi onun peyğəmbərliyinə və şərdən qorunmasına dəlalət edir. Gəncliyində baş verən hadisələr – onun hər hansı bir günaha batmaması və heç bir bütə ibadət etməməsi bunun həyata keçdiyini göstərir.
Peyğəmbərin süd anası Həlimə bint Əbu Zueyb olmuşdur. Bu möcüzəvi hadisə Həlimə və onun ərinin qorxub onu anası Əminəyə qaytarmalarına səbəb oldu. Peyğəmbər anasının yanında iki il qaldıqdan sonra anası onu özü ilə Adiyy oğullarından olan qohumlarının yanına götürmək və atasının qəbrini ziyarət etmək üçün Mədinə şəhərinə aparmışdır. Peyğəmbərin babası Abdulmuttalib və qulluqçuları Ummu Əymən də onlarla birlikdə səfər etmişdilər. Onlar Mədinədə bir ay qaldılar. Geri qayıtdıqda, Əminə yolda xəstələndi və Mədinə ilə Məkkə arasındakı Əbva adlanan bölgədə vəfat etdi və orada dəfn edildi.
İkinci dəfə isə Peyğəmbərin köksü İsra gecəsində yarılmışdır. İsra gecə vaxtı səyahət etməyə deyilir. İsra hadisəsi hicrətdən öncə baş vermişdir. Rəsulullah bir gecənin içində Məkkədəki Məscidul-Həramdan Yerusəlimdəki Beytul-Məqdisə getmiş, sonra meraca qalxmış və geri qayıdaraq yerə enmişdir. Uca Allah əl-İsra surəsində buyurur:
“Dəlillərimizdən bəzisini Peyğəmbərə göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir” (əl-İsra, 1).
Peyğəmbər - salləllahu aleyhi və səlləm – İsra gecəsi haqqında danışaraq belə demişdir: “Mən Hatimdə (və ya Hicrədə) uzanmış ikən bir nəfər (Cəbrail) yanıma gəldi və bədənimi buradan bura kimi yarıb qəlbimi çıxartdı. Sonra yanıma içi imanla dolu olan qızıl ləyən gətirdilər. Qəlbimi (Zəmzəm suyu ilə) yuduqdan sonra onu (imanla) doldurdular. Sonra mənim yanıma qatırdan alçaq və uzunqulaqdan hündür olan, ağ rəngli bir heyvan gətirdilər. Mən heyvana mindikdən sonra Cəbrail məni özü ilə apardı...” ( Səhih əl-Buxari, 3598, 3674, 3887).
Hatim və ya Hicr Kəbəyə bitişik yarımdairə şəklində hörülmüş, hündür olmayan divarla Kəbənin arasındakı yerdir. Cəbrail - əleyhis-salam - Peyğəmbərin boğazından və ya köksündən qarnının alt nahiyəsinə qədər yarmışdır.