Qadın ərini Allah xətrinə sevməyə məcburdurmu?
Sual:
Salam. Allaha xatir sevmek ne demekdi? Yani meselen heyat yoldasini, ovladini,valideyni ve s. Allaha xatir sevmek lazimdi?
Meselen er arvadini Allah rizasi ucun sevmelidi? Arvadin ozune gore de yox? Bes birden heyat yoldasi pis oldusa yenede onu sevmek lazimdi Allaha xatir? Hormet basa dusurem Allaha xatir hormet etmek. Bes pis heyat yoldasini neter sevmek olar?yada meselen aile qurursan. Yoldaşini sevmirsen. Ama Allaha xatir mecbursan sevmeye ? Zehmet olmasa etrafli yazardiz
Cavab:
Aleykum salam. Allah üçün sevmək və Allah üçün nifrət etmək imanın ən yüksək mərtəbəsidir. Əbu Umamə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, Allah üçün verərsə və Allah üçün imtina edərsə, artıq imanını kamilləşdirmiş olar" (Əbu Davud, 4681). Allah üçün sevmək dedikdə, bir insanı Allaha itaətinə görə, Allahın onu sevməyi buyurduğuna görə sevməkdir. Bu sevgi təbii sevgidən fərqlənir. Təbii sevgidə insan qarşı tərəfi hansısa xüsusiyyətinə görə - gözəlliyinə, səxavətinə, malına, mülkünə və s. bu kimi şeylərə görə sevir. Bu xüsusiyyətlər qarşı tərəfdə tükəndikdən sonra isə təbii sevgi bitir. Allah üçün sevgi isə qarşı tərəfi Allaha imanına görə, Allahı sevdiyinə görə sevməkdir. Həmçinin Allah üçün nifrət də belədir. Qarşı tərəf Allaha asi olduğuna görə ona nifrət etməkdir.
Bir insan öz həyat yoldaşını onda olan pis xüsusiyyətlərə görə sevə bilmirsə, onu Allah üçün sevməsi məcbur deyil. Lakin əgər bir insanın həyat yoldaşını sevməməsi ailədə ciddi bir problem yaratmırsa, bu halda hər ikisinin səbir edib ailəni qorumaları daha yaxşıdır. Uca Allah bu xüsusda buyurur: "Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun" (ən-Nisa, 19). Səhih bir hədisdə belə buyurulur: "Heç bir mömin kişi mömin qadına (ayrılmalarına səbəb olacaq dərəcədə) nifrət etməsin! Onun bir xasiyyətini bəyənməsə də ola bilsin başqa bir xasiyyətindən xoşu gələr" (Səhih Muslim, 2672, 3721).