Nə üçün kişilərə birdən artıq qadınla evlənmək icazəlidir?

    09.11.2021
Sual: 
Salam xaiş edirem sualıma tez cavab veresiz menim dine hevesim var ama dinde kişileri seçmek bütün heverimi apardı ne üçün kişilerin hissi düşünülür kişi 2 -3 qadınla evlene biler burda qadının hissi niye düşünülmür her şey kişi üçün dü men isdemerem heyat yoldasımın menden başqa qadını olsun ancaq din bunu düşünmür her şey kişi üçündü meger ? Xaiş edirem sualıma cavab yazasız tşk
Cavab: 

Aleykum salam. Uca Allah maddi imkanı olan kişiyə dörd qadınla evli olmağı icazə vermişdir. Uca Allah bu xüsusda buyurur: "Əgər himayənizdə olan yetim qızlarla evlənəcəyiniz təqdirdə əda­lət­lə davranma­yacağınızdan qorxsanız, onda xoşunuza gələn sizə halal olan başqa qa­dın­lardan ikisi, üçü və dördü ilə ev­lənin" (ən-Nisa, 3). İbn Kəsir bu ayənin təfsirində demişdir:

"Yəni əgər sizlərdən birinin himayəsində yetim qız olarsa və bu qızla evlənmək istədiyi təqdirdə ona özünə layiq olan mehri verməyəcəyindən qorxarsa, bu halda başqa qadınlarla evlənsin". 

Bir kişinin birdən çox qadınla evlənməsi heç də vacib deyildir, əksinə bu, müəyyən şərtlər daxilində icazəlidir. Bəzi hallarda  bu, qadağan da ola bilər. Bu şərtlərdən biri də evləndiyi qadınlar arasında ədalətli davranıb heç birinin arasında ayrıseçkilik salmamaqdır. Əgər kişi qadınlar arasında ədalətli olmayacağından qorxarsa, bu halda bir qadınla kifayətlənməlidir. Bu səbəbdən Uca Allah eyni ayənin davamında buyurur: "Əgər o qa­dın­­larla ədalət­lə dolanmaya­ca­ğı­nız­dan qorxar­sınızsa, on­da onlardan biri ilə evlənin və ya sa­hib olduğunuz cariyə­lər­lə ki­fayət­lə­nin". Yəni birdən çox qadınla evli olduğunuz halda aralarında ədalətli davranmayacağınızdan qorxsanız, belə bir narahatlığı olan kəs bir qadınla kifayətlənməlidir.

Bilmək lazımdır ki, Uca Allahın qoyduğu hər bir şəriət qanunu cəmiyyətin islah olunması məqsədini daşıyır. Uca Allah yaratdığı insanın təbiətini və onun üçün nəyin xeyirli, nəyin isə şərr olduğunu ən gözəl biləndir. Kişinin birdən artıq qadınla evlənməsinin cəmiyyətdə bir çox faydası vardır:

1) Bəzən kişi həddindən çox ehtiraslı olur və bir qadınla evli olmaq onu qane etmir. Bu halda çoxevlilik onun haramdan (zinadan) qorunması üçün səbəb olur. 

2) Bəzən cəmiyyətdə qadınların sayı kişilərə nisbətdə çox olur. Hətta bəzi ölkələrdə bir kişiyə on qadın düşür. Belə olan halda bir çox qadınlar ailə qura bilmirlər və bu da bir çox fəsadlara gətirib çıxarır. Çoxevliliyin icazə verilməsi isə bu problemi həll edir. 

3) Çoxevlilik yayılmış cəmiyyətlərdə boşanmış qadınlar yenidən daha asan ailə qururlar, həmçinin övladlarını tək böyütmək məcburiyyətində qalmırlar.

4) Çoxevliliyin faydalarından biri də övladların sayının artmasıdır. Bir çox hədislərdə Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizi çoxlu övlad sahibi olmağa təşviq etdiyi bildirilmişdir: "Çox sevən və çox doğan (doğmaq əzmində olan) qadınlarla evlənin. Qiyamət günü mən sizin sayınızın çoxluğu ilə peyğəmbərlərdən üstün olacağam, fəxr edəcəyəm". (İmam Əhməd; ət-Tabərani; İbn Hibban; Abdurrazzəq və digərləri).

Teqlər: 
Paylaş: