İslamdan əvvəl oruc tutmaq və kəbəni təvaf etmək ibadətləri olubmu?

    17.11.2020
Sual: 
Əssəlamu aleykum.Cahiliyyə dönəmində ərəblər (İslamdan əvvəldə) oruc tuturlarmış (yəni günün bəzi hissələrində yeyib içmirlərmiş),və Kəbənin ətrafinda Təvaf edirlərmiş,bu cür şeyləri necə açıqlamaq olar bunlar İslamla gəlməmişmiydi?
Cavab: 
Aleykum salam. İslam dini gəlməzdən əvvəl ərəblər İbrahim peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dinindən qalan bəzi ibadətləri hələ də edirdilər. Bu əməllərdən biri də oruc tutmaq və həcc etmək idi. Oruc tək bizim ümmətə deyil, bizdən əvvəlki bütün ümmətlərə vacib olub. Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". (əl-Bəqərə, 183). İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah həmçinin bildirir ki, orucu bu ümmətə fərz etdiyi kimi, bu ümmətdən əvvəlkilərə də fərz etmişdir. Əvvəlki ümmətlər müsəlmanlar üçün bir nümunədir, elə isə müsəlmanlar bu fərz ibadəti əvvəlkilərdən daha kamil şəkildə yerinə yetirməyə çalışmalıdırlar. Necə ki, Uca Allah buyurur: "Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin başqa-başqa olmanız sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın". (əl-Maidə, 48). Burada isə buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz". Çünki oruc ibadəti bədəni təmizləyir və şeytanın sıza biləcəyi yolları daraldır. .... Muaz, İbn Məsud, İbn Abbas (Allah ondan razı olsun) və başqalarından rəvayət edilir ki, oruc İslamın əvvəlində əvvəlki ümmətlərdə olduğu kimi hər ay üç gün idi. İbn Əbu Hatim rəvayət edir ki, Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın oona və ailəsinə salavatı və salamı olsun) belə dediyini söyləmişdir: "Ramazan orucunu Allah sizdən əvvəlki ümmətlərə də fərz etmişdir". (İmam Əhməd, 7711). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları (şəriətləri) müxtəlif olsa da, dinləri (əqidələri) bir­dir". (İmam Əhməd, 9259, 9632; ət-Tabəri, 10830).
Həmçinin ərəblər həcc ziyarətini də yerinə yetirirdilər, lakin fərqli şəkildə. Uca Allah buyurur: "Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin!" (əl-Bəqərə, 200). İbn Kəsir bu ayənin təfsirində deyir: "İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Cahiliyyət dövründə insanlar həcc mövsümündə dayanar və içlərindən biri: "Atam kasıblara yemək yedizdirərdi, insanların arasını islah edərdi"- deyərək atalarının etdiklərini sadalayardılar. Onlar atalarının etdiklərindən başqa bir şey xatırlamazdılar. Bu səbəbdən Uca Allah Muhəmmədə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Həcc mərasiminizi bitirdikdə vaxtilə atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin!" ayəsini nazil etdi". Uca Allah başqa bir ayədə buyurur: "Onların müqəddəs Evin yanındakı ibadətləri fit ver­mək və əl çal­maqdan başqa bir şey deyil­dir. Küfr etdiyinizə görə dadın əza­bı!" (əl-Ənfal, 35). 
Teqlər: 
Paylaş: