Övladın oğlan və ya qız olmasının səbəbini bildirən hədis barədə
Va aleykum Salam. Bu barədə olan hədis birbaşa siz dediyiniz mənanı bildirmir. Hədis belədir: Rəvayət edilir ki, İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Bir gün bir dəstə yəhudi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Ey Əbul-Qasim! Səndən yalnız peyğəmbərlərin bildiyi şeylər haqqında soruşacağıq, bizə bu barədə xəbər ver!" O dedi: "İstədiyiniz şey barəsində soruşun, ancaq Yaqub – ona salam olsun - övladlarından vəd aldığı kimi siz də Allah qarşısında vəd verin - əgər dediklərimin doğru olduğunu görsəniz, mənə tabe olub İslam dinini qəbul edəcəksiniz!” Onlar dedilər: "Qoy sən deyən olsun". O dedi: "İstədiyinizi soruşun!" Onlar dedilər: "Dörd xüsusiyyət barəsində bizə xəbər ver: Tövrat nazil olmamışdan əvvəl İsrail (Yaqub) (Allahın ona salam olsun) özünə hansı yeməyi haram etmişdi? Kişinin belindən və qadının köksündən gələn suyun keyfiyyəti necədir və necə olur ki, uşaq oğlan olur? Yazıb - oxumağı bacarmayan Peyğəmbər necə yatır və hansı mələk onun sevimli dostudur?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Dediklərinizə doğru cavab versəm Allah qarşısında verdiyiniz vədi yerinə yetirmək və mənə tabe olmaq sizə vacib olacaqdır". Onlar bir daha çoxlu vədlər verdilər. Sonra Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dedi: "Sizi, Tövratı Musaya nazil edən Allaha and verirəm! İsrailin (Yaqubun) (Allahın ona salam olsun) çox şiddətli xəstəliyə tutulduğunu bilirsinizmi? Xəstəliyi uzun müddət davam etdiyinə görə o, Allaha nəzir etmişdi ki, əgər Allah ona şəfa versə, ən sevimli yeməyini və ən sevimli içkisini özünə haram edəcək. Onun ən sevimli yeməyi dəvə əti, ən sevimli içkisi də, onun südü idi". Onlar dedilər: "Allaha and olsun ki, belə olub". O dedi: "Allahım! Sən onların dediklərinə şahid ol! Sizi, Tövratı Musaya nazil edən, heç bir şəriki olmayan Allaha and verirəm! Kişinin belindən gələn suyun ağ rəngli qatı maye, qadının köksündən gələn suyun isə sarı rəngli duru maye olduğunu bilirsinizmi? Bunlardan hansı üstünlük təşkil etsə, uşaq da Allahın izni ilə üstünlük təşkil edənin cinsindən olar və ona oxşayar. Kişinin belindən gələn su üstünlük təşkil etsə, Allahın izni ilə oğlan uşağı, qadının köksündən gələn su üstünlük təşkil etsə, Allahın izni ilə qız uşağı doğular". Onlar dedilər: "Allaha and olsun ki, belədir". O dedi: "Allahım! Sən onların dediklərinə şahid ol! Sizi, Tövratı Musaya nazil edən Allaha and verirəm! Bilirsinizmi ki, yazıb – oxumağı bacarmayan peyğəmbərin gözləri yatır, qəlbi isə oyaq qalır". Onlar dedilər: "Allaha and olsun ki, belədir". O dedi: "Allahım! Onların dediklərinə şahid ol!" Onlar dedilər: "İndi isə mələklərdən hansının sənin sevimli dostun olduğu barədə bizə xəbər ver. Bununla da biz ya sənə tabe olaq, ya da səni tərk edək". O dedi: "Həqiqətən, mənim sevimli dostum Cəbraildir (Allahın ona salamı olsun). Allah elə bir peyğəmbər göndərməyib ki, Cəbrail onun dostu olmasın". Onlar dedilər: "Bu yerdə səni tərk etməli olacağıq. Əgər sənin dostun o yox, başqa bir mələk olsaydı dediyini təsdiq edərdik və sənə tabe olardıq”. O dedi: "Sizə, dediyimi təsdiq etməyə mane olan nədir?" Onlar dedilər: "O bizim düşmənimizdir". Bu zaman Uca Allah bu ayəni nazil etdi: "De: "Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi sənin qəlbinə o nazil etmişdir". Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir. Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. Onlar hər dəfə əhd bağladıqda içərilərindən bir dəstə onu pozmurmu? Həm də onların çoxu buna inanmır. Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə Kitab verilənlərdən bir dəstə guya həqiqəti bilmirmiş kimi Allahın Kitabına arxa çevirdilər". (əl-Bəqərə, 97-101). Bununla onlar özlərinə qarşı Uca Allahın qəzəbi üstünə bir qəzəb də artırdılar". (İmam Əhməd, 2514; ət-Tayəlisi, 2854; ət-Tabərai "Mu'cəmul-Kəbir", 12836; İbn Cərir ət-Tabəri, 1/431; İbn Səd "Tabəqat" 1/116).