Ölümdən sonra dirilmə necə olacaq?
Qiyamət günü Uca Allah çürümüş cəsədləri yenidən dirildib əvvəlki halına salacaq və ruhları bədənlərə qaytaracaqdır. Daha sonra isə haqq-hesaba çəkilsinlər deyə onları məhşərə aparacaqdır. Uca Allah buyurur: “O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir” (Ya sin, 78-79).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə belə bir vəsiyyət etdi: “Mən öldükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümüyümü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun.” Onlar onun vəsiyyətini yerinə yetirdilər. Lakin Qiyamət günü Allah onu əvvəlki görkəminə qaytardı və ondan: “Nə üçün belə etdin?”– deyə soruşdu. O: “Səndən qorxduğum üçün!”– deyə cavab verdi. Allah da onu bağışladı.”
Bu kimi hədislər sübut edir ki, Uca Allah bədənləri yenidən xəlq edərək dirildəcək və ruhları onlara qaytaracaqdır. Bu Onun üçün çox asandır və O, hər şeyə qadirdir. Həmçinin, Peyğəmbərin hədislərində dirilmənin necə olacağı da göstərilir və bildirilir ki, Uca Allah yerə su endirəcək və ot bitdiyi kimi insanlar da qəbirlərindən çıxacaqlar.
Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: “Surun birinci üfürülməsindən ikinci üfürülməsinədək qırx keçəcək.” Bəziləri (Əbu Hureyradan): “Qırx gün?”– deyə soruşdular. O cavab vermədi. “Qırx il?”– deyə soruşdular. Yenə cavab vermədi. “Qırx ay?”– deyə soruşdular. Yenə cavab vermədi. Sonra o dedi: “İnsan öldükdən sonra onun bütün cəsədi çürüyür. Yalnız büzdüm sümüyündən başqa. Qiyamət günü yaradılış məhz ondan başlayacaqdır” (əl-Buxari, 4814). Büzdüm sümüyü onurğanın qurtaracağını təşkil edən sümükdür.
Bu hədis dirilmənin necə olacağını göstərir. İnsanları öldürən birinci surla ikinci dirilmə suru arasında qırx vardır. Bəzi rəvayətlərdə zamanın qırx il olduğu bildirilir. Sonra Allah göydən yağmur endirərək insanları dirildəcək. İnsanlar da yerdən ot bitdiyi kimi çıxacaqlar. İnsan öləndə onun büzdüm sümüyündən başqa bütün sümükləri çürüyür. Lakin bu, peyğəmbərlərə aid deyildir. Belə ki, onların bədənləri çürümür. Bununla da ölümdən sonra dirilmənin vaxtı və keyfiyyəti bizə bəlli olur.