İpək geyinmək kişilərə nə üçün haramdır?

    20.12.2020
Sual: 
Kişilərə ipək paltar geyinməyin qadağan olmasının səbəbi nədir?
Cavab: 
Salam aleykum. Əvvəla bunu qeyd edək ki, Uca Allah buyurduğu əmrlərində və çəkindirdiyi qadağalarında hikmət sahibidir. Uca Allahın buyurduğu hər bir əmrdə insanlar üçün bir fayda vardır, çəkindirdiyi hər bir qadağada isə zərər vardır. Bəzən Uca Allah buyurduğu əmrlərin və çəkindirdiyi qadağaların hikmətini və səbəbini insanlara bildirir, bəzən isə bildirmir. Hikmətinin bəlli olub-olmamasından asılı olmayaraq biz insanların üzərimizə düşən odur ki, bu əmrləri yerinə yetirib, qadağalardan çəkinək. Hansısa bir əmrin və ya qadağanın hikmətinin bilinməməsi bu əməli tərk etməyə səbəb olmamalıdır. İslam sözünün mənası da məhz "təslim olmaq", "Allahın əmr və qadağalarına boyun əymək" deməkdir. Bəzən Uca Allah qullarını imtahan etmək və kimin Ona itaət edib-etməyəcəyini bildirmək üçün bir şeyi əmr edir və ya qadağan edir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çox hədislərdə ipək paltarın kişilərə haram olmasını bildirmişdir. Bu hədislərdən bəzilərini qeyd edək:
Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qızıl və ipək ümmətimin kişilərinə haram, qadınlarına halaldır". (Səhih əl-Buxari: "Libas", 30; Əbu Davud: "Xatəm", 3; ət-Tirmizi: "Libas", 1).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət etmişdir ki, "Bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) ipəyi sağ əlinə, qızılı da sol əlinə alaraq buyurdu: "Bu ikisi ümmətimin kişilərinə haramdır". (ət-Tirmizi: "Libas", 1; İbn Məcəh: "Libas", 19).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) özündən heç bir şeyi haram etməmişdir, Peyğəmbərin haram etdiyi və buyurduğu yalnız Allahın əmri ilə olmuşdur. Uca Allah buyurur: "Peyğəmbər sizə nəyi verirsə, onu götürün, nəyi də sizə qadağan edirsə, ondan çəkinin.  Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır!" (əl-Əhzab, 36).
İpəyin dünyada kişilərə haram olmasının səbəbinə və hikmətinə gəlincə, İbn Qeyyim (Allah ona rəhmət etsin) bu barədə belə demişdir: "İpək geyinmək də qızıl istifadə etmək kimi qadınlara xas olan bir xislətdir. Uca Allah ipək geyinməkdə qadınlara bənzərliyin olduğu üçün onu kişilərə qadağan etmişdir. Bəzi alimlər isə ipək geyinməyin insanda fəxr və təkəbbürlük hissi yaratdığı üçün qadağan olduğunu bildirmişlər. Bəziləri isə ipəyin kişidə qadın hisslərinin yaratdığını demişlər. İpək geyinməyin kişidə (qadına xas) mülayimlik yaratmasına şəkk yoxdur. Hətta ən sərt kişi belə ipək geyindikdə onda yumşaqlıq yaranır". (Zədul-Miad, 8/40). Ən doğrusunu isə Allah bilir. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: