Rəsulullahın nəsli kimlər olub?
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) İyirmi beş yaşında ticarət məqsədi ilə Şama səfər edir. Qayıtdıqdan sonra Xuveylidin qızı Xədicə (radıyallahu anhə) ilə evlənir. Mehiri (başlıq parası) 10 cavan dəvə, bir rəvayətə görə isə 6 cavan dəvə idi. İlk zövcəsi Xədicə binti Xuveylid ibn Əsəd ibn Abdul Uzzadır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onunla 25 yaşında evlənir. Xədicənin (radıyallahu anhə) isə 40 yaşı var idi. Xədicə (radıyəllahu anhə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) qabaq Atik ibni Aiz əl Mahzumi ilə evlənmiş o, öldükdən sonra isə Əbu Halə əl Teymi ilə evlənmişdir və bir uşağı olduqdan sonra o, da vəfat etmişdir. Xədicə (radıyəllahu anhə) hicrətdən 3 il əvvəl, bəzi rəvayətlərə görə 1 il əvvəl vəfat etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) o, ölüncəyə qədər başqa bir qadınla evlənməmişdir. İmam ən-Nəvəvi (rahiməhullahu) deyir ki: "Peyğəmbərin (salləllahu aleyhi və səlləm) İbrahimdən başqa bütün övladları bu qadından olmuşdur. Birinci oğlu Qasim Peyğəmbərə (sallallahu aleyhi və səlləm) peyğəmbərlik verilməmişdən qabaq dünyaya gəlir və 2 ay yaşadıqdan sonra vəfat edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun adı ilə kunyələnərək (ləqəblənərək) Əbul-Qasim (Qasımın atası) deyə çağrılırdı. Ənəs (radıyəllahu anhə) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bazarda bir nəfərin başqasına: "Ey Əbul Qasım!" deyərək səslədiyini eşitdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) o, tərəfə baxaraq: "Mənim adımı götürün lakin mənim kunyəmlə (ləqəbimlə) kunyələnməyin (ləqəblənməyin)" deyə buyurdu. (Səhih əl-Buxari, 6/647).
İbn Həcər (rahiməhullahu) deyir ki: "Bu ixtilaflı məsələdir və bu haqda bir neçə görüş vardır. Bəzilərinə görə bu qadağa yalnız onun yaşadığı dövrə aiddir, bəziləri də deyirlər ki, iki adı da birdən götürmək qadağandır (Həm Məhəmməd, həm də Əbul Qasim kunyəsini)". (İbn Həcər: "Fəthul-Bari", 6/648).
İkinci oğlu Abdullahdır. Tahir və Tayyib olaraq da adlandırılmışdır. Bəziləri də qeyd edirlər ki, bunlar başqa övladlarıdır. Lakin doğru olan birincisidir. Peyğəmbərlikdən sonra dünyaya gəlmişdirlər. Üçüncü oğlu İbrahimdir. Hicrətin 8-ci ilində Mədinədə dünyaya gəlmiş və hicrətin 10-cu ildə 17 və ya 20 aylıq ikən vəfat etmişdir. Ənəs (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) oğlu İbrahim öldüyü zaman buyurdu: "O, körpə ikən öldü. Onun Cənnətdə iki süd anası vardır. Onlar onun südünü iki ilə tamamlayacaqlar. Çünki o, mənim oğlumdur". (Səhih Muslim, 2316).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zamanında günəş tutuldu. İnsanlar: "Günəş İbrahimin ölümünə görə tutulmuşdur" dedilər. Peyğəmbər (salləllahu aleyhim və səlləm): "Həqiqətən günəş və ay Allahın rəmzləridir. Onlar heç kəsin ölmünə və ya doğulduğuna görə tutulmurlar...". (Səhih əl-Buxari, 1043).