Cənnətə girmək üçün hansı əməlləri tərk etmək lazımdır?

    06.04.2021
Kimdən: 
Allahı sevən
Sual: 
Salam Aleykum. Bir sualım var. Biz hansı əməllərimizi tərgitməsək cənnətə daxil ola bilməyəcəyik. Çox sağolun
Cavab: 
Və aleykum salam. Cənnətə girmək üçün Uca Allahın vacib buyurduqlarına əməl etmək və qadağan etdiklərindən çəkinmək lazımdır. Uca Allahın vacib buyurduğu əməllərdən ən əsası namazdır. Bir çox insanlar Cənnətə girmək üçün yaxşılıq etmək, ürəyi təmiz olmaq, paxıllıq etməmək və s. yaxşı əməllərin kifayət etdiyini, namazın isə vacib olmadığını düşünürlər. Halbuki, Uca Allah namazı əmr etmiş və bunu əvəz edəcək heç bir əməl olmadığını bizə açıq-aydın bildirmişdir. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qiyamət günü insanın ilk soruşulacağı əməli namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar". (ət-Tirmizi, 413; ən-Nəsai, 1/232; Əbu Davud, 864).
Cənnətə düşmək üçün Uca Allahın haram buyurduğu bütün böyük günahlardan çəkinmək lazımdır. Şübhəsiz ki, hər bir insanın həyatı boyu müəyyən günahlar etməsi labüddür, lakin Uca Allah bizə tövbə qapısını açmışdır. Əgər günah edən insan tövbə edib günahı tərk edərsə, Uca Allah onu bağışlayar və günahlarını savabla əvəz edər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurur: "Hər bir Adəm övladı günah edir. Günah edənlərin ən xeyirlisi isə tövbə edənlərdir" (İbn Macəh, 3447).
Günahı təkrar etdikdə yenidən tövbə edərək günahdan çəkinməyə çalışmaq lazımdır. Günahlardan daim tövbə etmək, möminlərin sifətlərindəndir. Əgər insan böyük günahlardan çəkinərsə, Uca Allah onun kiçik günahlarını bağışlayar. Uca Allah bu xüsusda buyurur: "Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik" (ən-Nisa, 31). Həmçinin oxuyun:
Paylaş: