Peyğəmbərimizin şeytanı tutması haqda olan hədisi izah edə bilərsinizmi?
Aleykum salam. İnsanların, xüsusilə də peyğəmbərlərin cinləri görmələri mümkündür. Buna həm Quran ayələri, həm də səhih hədislər və rəvayətlər dəlalət edir. Uca Allah Quranın "ən-Nəml" surəsində Suleyman peyğəmbər haqqında danışır. Süleyman peyğəmbər (Allahın salamı olsun) Uca Allahdan özündən sonra heç bir kəsə verilməyəcək hakimiyyət istəyir. Uca Allah onun duasını qəbul edib ona quşlardan, cinlərdən və insanlardan ibarət güclü ordu bəxş edir. Həmçinin, digər fövqəladə və misli görünməyən nemətlər bəxş edir. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) cini tutması isə hədisdə deyildiyi kimi Uca Allahın yardımı ilə mümkün olmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Süleyman peyğəmbərin (aleyhis-sələm) həmin duasını xatırlayıb cini buraxır. Çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Quranı ən gözəl bilən və ən gözəl şəkildə ona əməl edən şəxs olmuşdur. Yəni, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun bu müstəcəb duasına qarşı çıxmaq istəməmişdir. Bu isə onun Rəbbinə olan gözəl əxlaqından irəli gəlirdi. Rəvayət edilir ki, Aişədən (Allah ondan razı olsun) onun əxlaqı haqqında soruşduqda, o demişdir: "Onun əxlaqı Quran idi".