Yetimin malını haqsız yerə yeməyin cəzası nədir?

    28.04.2021
Kimdən: 
Leyla
Sual: 
Salam Atasi rehmete geden ve atadan yeteri qeder mal mulk qalan bir usaqin ( onun bu pula ehtiyaci yoxdu deyib)varinin mieyyen hissesini (usaqin raziliqi olmadan) yeyen insanlar yetim haqqi yemis olurlarmi ve yemis olurlarsa bunun cezasi nedir.Onceden tesekkur edirem zehmetiniz ucun
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, yalnız həddi-büluğa çatmamış yaşda ikən atası ölən uşaq yetim sayılır. Həddi-büluğa çatdıqdan sonra artıq o, yetim sayılmır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Süddən kəsildikdən sonra əmizdirmə ilə süd qohumluğu yaranmır, həddi-buluğa çatdıqdan sonra isə yetimlik olmur" (ət-Tayəlisi, 1876). 
Uca Allah yetimlərin himayədarlarına yetimlərə atalarından miras qalan malı haqsız yerə yeməməyi və yetimlər həddi-büluğa çatdıqdan sonra bu malı onlara təhvil verməyi əmr etmişdir. Yetimlərin mallarını haqsız yerə yeyənləri isə şiddətli əzabla hədələmişdir. Uca Allah bu xüsusda buyurur: "Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qatıb yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır" (ən-Nisa, 2). Həmçinin buyurur: "Yetimləri nikah yaşına çatanadək sınayın. Əgər onların ağla dolduqlarını görsəniz, mallarını özlərinə qaytarın. Böyüyüb mallarını geri alacaqlar deyə, o malları israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan qəyyum nəfsini saxlasın, yoxsul isə o maldan ehtiyacı olduğu qədər yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman yanlarında şahid tutun. Haqq-hesab çəkməyə Allah yetər" (ən-Nisa, 6). Mucahid (Allah ona rəhmət eləsin) demişdir: "Yəni həddi-büluğa çatana qədər". (Təfsir İbn Kəsir). Başqa bir ayədə buyurur: "Şübhəsiz ki, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və beləcə, onlar alovlu atəşə girəcəklər" (ən-Nisa, 10). İbn Kəsir bu ayənin təfsirində demişdir: "Yəni yetimlərin mallarını səbəbsiz yerə yeyənlər ancaq qarınlarına Qiyamət günü alovlanacaq bir od doldurmuş olurlar. əl-Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət olunan bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həlakedici yeddi günahdan çəkinin!" Səhabələr soruşdular: "Nədir onlar, ey Allahın Elçisi?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək" (Səhih əl-Buxari, 2560. Səhih Muslim, 129). İbn Mərdəveyh Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İki gücsüzün – qadınlar və yetimlərin malını (haqsız) yeməyi sizə haram edirəm" (əl-Hakim, 7167)". Həmçinin oxuyun:
Qul haqqı barədə
Yetimlər haqda - əl-Bəqərə surəsi 220 - ci ayə

Paylaş: