Vətən sevgisi
Vətən sevgisi Uca Allahın insanın fitrətinə yerləşdirdiyi gözəl hisslərdən biridir. Övladın öz anasını sevməsi nə qədər təbiidirsə, insanın da doğulub boya-başa çatdığı yeri digər yerlərdən daha çox sevməsi o qədər təbii bir haldır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) həyatına diqqət etsək görərik ki, o da öz vətənini çox sevmişdir. Məkkə müşrikləri onu doğma şəhəri olan Məkkədən çıxardıqda, o üzünü Məkkə şəhərinə çevirərərək belə demişdir: “Allaha and olsun ki, sən yer üzündə olan ən xeyirli və Allaha ən sevimli şəhərsən. Əgər məni buradan zorla çıxarmasaydılar, mən səni tərk etməzdim”. (ət-Tirmizi, 5/723). Mədinəyə hicrət etdikdən sonra isə o, Uca Allaha dua edərək Məkkəni sevdiyi kimi Mədinəni də ona sevdirməsini istəmişdir və demişdir: “Allahım, Məkkəni bizə sevdirdiyin kimi, yaxud bundan artıq bir sevgiylə Mədinəni də bizə sevdir” (əl-Buxari, 1889).
Vətən sevgisi iki növdür:
Fitri sevgi. Uca Allah hər bir insanın fitrətində vətən sevgisi yaratmışdır. Uca Allah buyurur: “Əgər onlara: “Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!”– deyə əmr etsəydik, içərilərindən az bir qismi istisna olmaqla, bunu yerinə yetirməzdilər” (ən-Nisa, 66). Bu ayədə Uca Allah yurddan çıxarılmağı, özünü öldürmək kimi məşəqqətli, nəfsə ən ağır gələn əməllə birlikdə zikr etmişdir.
İslam şəriətinin bizə buyurduğu vətən sevgisi. Bu sevgi bir müsəlmanın öz vətənini İslam diyarı olduğuna görə sevməsidir. İslam diyarı dedikdə müsəlmanların yaşadığı və azan, camaat namazı, bayram namazları kimi İslam dininə xas olan ayinlərin keçirildiyi ölkələrdir. Vətəni Allah üçün sevmək xeyirli əməl, onun uğrunda döyüşmək gecə-gündüz nafilə ibadətdən daha üstün savab, onun yolunda ölmək isə Cənnətdə ən yüksək məqam olan şəhidlikdir. Allaha həmd olsun ki, ölkəmiz də İslam ölkəsidir və bu ölkəni sevmək Azərbaycanda yaşayan hər bir müsəlmana vacibdir.
Şəriətin buyurduğu vətən sevgisi necə olmalıdır?
Sözsüz ki, hər bir sevgi əməllərlə isbat olunur. Allahı sevmək onun razı qaldığı əməlləri edib, qadağan etdiyi şeylərdən çəkinməklə olduğu kimi, Allah xətrinə vətəni sevmək də imkan daxilində vətənin xeyri üçün çalışmaq, əmin-amanlığı qorumaq və fitnə-fəsadın yayılmasının qarşısını bacardığın qədər almaqla olur. Hər bir müsəlman öz vətənini düşməndən qorumalı, ölkəsinə təcavüz edən düşmənə qarşı həm malı, həm də canı ilə döyüşməlidir. Müsəlmanlar xeyir işlərdə biri-birilərinə yardım etməli, öz aralarında yaxşılığı əmr edib, günah işlərdən çəkindirməli, millətçilik, irqçilik və dövlətə itaətsizlik kimi parçalanmaya səbəb olan çağırışlardan çəkinməlidirlər.
Cəmiyyət ailələrdən və fərdlərdən təşkil olunmuşdur. Cəmiyyətin islah olunması üçün cəmiyyəti təşkil edən ailələr və fərdlər islah olunmalıdır. Odur ki hər bir müsəlman ilk növbədə öz ailəsini, yaxınlarını və qonşularını dəvət edərək onlara yaxşı işlər görməyi əmr edib günah işlərdən çəkindirməlidir. Uca Allah buyurur: "Siz insanlar üçün üzə çıxarılmış ən xeyirli ümmətsiniz; onlara yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz" (Ali-İmran, 110). Həmçinin buyurur: "Qoy içinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat olsun. Məhz onlar nicat tapanlardır" (Ali İmran, 104). İbn Kəsir bu ayənin təfsirində demişdir: "Ayənin mənası budur ki, ümmət içində bu işlə məşğul olan xüsusi bir toplum olmalıdır. Baxmayaraq ki bu işlə məşğul olmaq ümmətin fərdlərinin hər birinə vacibdir. Necə ki Muslimin "Səhih" əsərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunur ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Sizdən biriniz günah işləndiyini görsə, qoy bunu əli ilə düzəltsin, bacarmasa, dili ilə (düzəltsin), bunu da bacarmasa, qəlbi ilə (buna nifrət etsin), bu da imanın ən zəif dərəcəsidir" (Muslim, 70, 186)".
Ölkədə əmin-amanlığı necə əldə etmək olar?
Uca Allah Qurani-kərimdə ona şərik qoşmadan iman gətirib yaxşı işlər görənlərə əmin amanlıq vəd etmişdir: “Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra əminliklə əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir” (ən-Nur, 55). Uca Allah həmçinin bildirir ki, firavanlıq və əmin-amanlıq tək Ona itaət edib qadağalarından çəkinməklə əldə olunur. Əgər bir camaat Allahın onlara verdiyi nemətə şükür etmək əvəzinə, günahlara qurşanarsa, Uca Allah onlara verdiyi neməti əllərindən alar. Uca Allah buyurur: "Bu, ona görədir ki, bir camaat nəfslərində olanı dəyişməyincə, Allah da onlara verdiyi neməti dəyişən deyildir. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, hər şeyi biləndir" (əl-Ənfal, 53). Böyük təfsir alimi Abdur-Rahmən əs-Sadi bu ayəni təfsir edərkən demişdir:
"İnsanlar Allaha itaətsizlik göstərməyənə qədər, Uca Allah heç vaxt onları verdiyi nemətlərdən məhrum etmir. Onlar Onun nemətini inkar etməyə başladıqda və bu nemətə naşükürlüklə qarşılıq verdikdə, Allah, onları maddi nemətlərdən məhrum edir. Onlar özlərini dəyişdikcə, O da onların rifahını dəyişir".
Millətçilik vətəni sevmək sayılırmı?
Ölkədə yaşayan millətlərdən birinin digərlərindən üstün olması fikrinin yayılması fitnə-fəsada yol açan səbəblərdən biridir. Unutmaq olmaz ki, Allah dərgahında insanların bir-birindən üstünlüyü mənsub olduqları millətə görə yox, təqva (Allah qorxusu) ilədir. Uca Allah buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır” (əl-Hucurat, 13). Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: ''İrqçiliyə (milliyətçiliyə) çağıran, irqçilik üçün savaşan, irqçilik uğrunda ölən bizdən deyildir." (Səhih Muslim, İmarə, 53)