Kasıblıqdan qorxmaq haqqında

    26.02.2021

Uca Allah bu dünyada qullarını müxtəlif bəla və müsibətlərlə imtahan edir. Bu imtahanlardan biri də kasıbçılıqdır. Uca Allah buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver” (əl-Bəqərə, 155). Kasıblıqdan qorxan insan özünün və ya ailəsinin maddi ehtiyaclarını təmin edə bilməyəcəyi haqda ciddi narahatlıq keçirir, bundan daha pisi isə haram əməllərə (yalan, oğurluq, rüşvət və s.) meyl edir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir." (əl-Bəqərə, 268)
Əbu əd-Dərdə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə biz kasıbçılığı zikr edib ondan qorxduğumuz barədə danışarkən Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanımıza gəldi və dedi: “Kasıbşılıqdan qorxursunuzmu? Əsla qorxmayın! Canım əlində olan Allaha and olsun ki, dünya nemətləri sizin başınızdan elə aşıb-daşacaq ki, sizlərdən biri dünya malına görə haqdan dönəcək. Allaha and olsun ki, sizi gecəsi ilə gündüzü seçilməyən işıqlı bir yola yönəltmişəm” (İbn Məcə, 5). Yəni mübarək dinimiz insanın bu dünyada qarşılaşa biləcəyi bütün problemlərin həlli yolunu göstərmişdir. Kim çətinliklər zamanı bu dinin ədəblərinə, nəsihətlərinə və buyurduqlarına əməl etməyə müvəffəq olarsa, düşdüyü çətinlik nə olursa olsun, ondan çıxış yolunu mütləq tapacaqdır. Odur ki, hər bir çətinlikdə və sıxıntıda Uca Allaha pənah aparıb, Ona dönmək lazımdır.

Kasıblıqdan qorxmamaq üçün nə etmək lazımdır?

Mömin bilməlidir ki, onun ruzisini verən hansısa məxluq yox, Uca Allahdır. “Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allah­dan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?!” (Fatir, 3). "Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır." (Ta Ha, 132). Uca Allah insanlara ruzi verməyi öz üzərinə götürmüş, onlardan isə ibadət etməyi tələb etmişdir. Odur ki, insan Allahın buyurduğu ibadətləri yerinə yetirməli və Allahın onu ruzisiz qoymayacağını bilərək ruzi qazanmaq üçün çalışmalıdır.

Kim Allahdan qorxaraq, haramlardan çəkinərək Ona layiqincə təvəkkül edərsə, Allah ona gözləmədiyi yerdən ruzi qapılarını açar, ruzi qazanmağı onun üçün asanlaşdırar. Uca Allah buyurur: “Kim Allahdan qor­xarsa, Allah ona hər sıxıntıdan bir çıxış yolu nəsib edər və ona gözləmədiyi yerdən ruzi bəxş edər. Kim Allaha tə­vək­kül etsə, Allah ona kifayət edər” (ət-Taləq, 2-3). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Əgər siz Allaha layiqincə təvəkkül etsəz O, sizi quşları yedizdirdiyi kimi yedirər. Quşlar səhər ac qarına yuvalarından çıxıb, axşam tox qarına yuvalarına qayıdırlar” (Əhməd, 205).

Əsl kasıb kimdir?

Bir çox insanlar kasıblıq dedikdə yalnız maddi imkanın zəifliyini nəzərdə tuturlar və bundan qorxurlar. Halbuki mənəvi kasıbçılıq maddi kasıbçılıqdan daha pisdir və bu növ kasıbçılıqdan daha çox qorxmaq lazımdır. Əbu Zərr (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ondan soruşdu: “Ey Əbu Zərr, səncə zənginlik çox mala sahib olmaqdırmı?” Əbu Zərr: “Bəli, ey Allahın Elçisi”– deyə cavab verdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yenə soruşdu: “Ey Əbu Zərr, səncə kasıblıq az mala sahib olmaqdırmı?” Əbu Zərr: “Bəli, ey Allahın Elçisi”– deyə cavab verdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Əslində zənginlik, qəlbin zəngin olması, kasıblıq isə qəlbin kasıb olmasıdır” (İbn Hibban, 685).

Paylaş: