Mükafatı kəsilməyən sədəqə
Uca Allah qullarına müxtəlif xeyir əməllər buyurmuşdur ki, bu əməlləri yerinə yetirən qula etdiyi əməlin savabı yalnız bu dünyada deyil, hətta ölümündən sonra da yazılır. Bu, Uca Allahın qullarına bəxş etdiyi böyük nemətlərindən biridir. Bu növ əməllərə “Sadəqa Cəriyə”, yəni “Mükafatı kəsilməyən sədəqə” və ya “Savabı daim axan sədəqə” deyilir. İnsan öldükdən sonra qəbirdə sanki əsir kimi olur, dünya ilə əlaqəsi kəsilir, əməl etmək imkanı olmur və dünyada etdiyi əməllərə görə sorğu-sual olunur. Mükafatı kəsilməyən sədəqələri etməyə müvəffəq olunan qul öldükdən sonra dünya ilə əlaqəsi kəsilsə də, etdiyi əməllərin savabı qat-qat çoxalaraq qəbirdə ona yazılır. Bu necə də xoş haldır! Necə də gözəl aqibətdir!
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Qul öldükdən sonra qəbirdə ikən yeddi növ əməlin savabı ona davamiyyətli yazılır; elm öyrədən, çay suyunu insanlara yönəldən, su quyusu qazan, xurma ağacı əkən, məscid tikən, Quran kitabı miras qoyan və ölümündən sonra onun üçün bağışlanma diləyən övlad qoyub gedən” (Səhihul-Cami, 3602).
Odur ki, mömin dünyada ikən, ölüm onu haqlamamış bu əməlləri etməyə can atmalı və bu əməllərdən hər hansı birində payı olmasına çalışmalıdır.
1. Elm öyrətmək
Burada insanlara həm dini öyrədən, həm də dünyəvi elmləri öyrədən nəzərdə tutulur. Dini elm dedikdə insanlara Allahı tanıdan, onları doğru yola yönəldən elm nəzərdə tutulur. Bu, insanlara haqqı batildən, halalı haramdan ayırd etməyə yardım edən şəriət elmidir. Dünyəvi elm deyildikdə isə müsəlmanlara dünyəvi işlərində fayda verəcək bütün elmlər – texnologiya, tibb, dilçilik və s. nəzərdə tutulur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Öləndən sonra kişiyə ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm” (İbn Hibban, 93).
Elmin yayılmasına və onun nəsilbənəsil ötürülməsinə yardım edənlər də bura daxildir. Hər hansı bir məqalənin və ya kitabın çap edilməsində, tərcümə edilməsində və ya yayılmasında iştirak edənlərin bu növ əməldən payı vardır və onlar mükafatlarını tam olaraq alacaqlar. Dövrümüzdə elmi müxtəlif vasitələrlə yaymaq mümkündür. Bunlara kitablar, məqalələr, saytlar, video və audio yazılar və s. aiddir. Sadaladığımız bu vasitələrin hər hansı biri ilə Allahın elmini insanlara düzgün çatdıran hər bir kəs bilməlidir ki, ixlaslı (Allah rizasını qazanmaq niyyəti ilə) olduğu təqdirdə etdiyi əməlin savabı hətta ölümündən sonra da ona yazılacaq.
2. Çay suyunu insanlara yönəltmək
Burada çay və ya bulaqlardan kanallar açmaqla içmək və ya əkinlərini suvarmaq məqsədilə suyu insanların istifadəsinə vermək nəzərdə tutulur, çünki su insan həyatı üçün zəruri olan vasitələrdən biridir. Həmçinin suyu borular vasitəsilə insanların yaşayış yerlərinə çatdırmaq də buna daxildir.
3. Su quyusu qazmaq
Bu növ əməl də əvvəlki əmələ bənzəyir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Bir dəfə bir adam yolla gedərkən bərk susadı və bir quyuya enib su içdi. Sonra quyudan bayıra çıxdıqda bir itin susuzluqdan ləhlədiyini və yaş torpaq yaladığını görüb öz-özünə: “Mən susadığım kimi, bu it də susamışdır”– dedi və quyuya enib ayaqqabısını su ilə doldurdu. Sonra ayaqqabısını dişləri ilə tutub quyudan çıxdı və itə su verdi. Allah da ona bunun əvəzini verdi və onu bağışladı”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, məgər heyvanlara etdiyimiz yaxşılıqlara görə də bizə savab yazılır?” O buyurdu: “Hər bir canlıya göstərdiyin qayğıya görə savab vardır” (əl-Buxari, 2363). Əgər bir itə su verən belə bir savaba nail olmuşsa, görün çox sayda insanları və canlıları su ilə təmin edən hansı savaba nail olacaq?!
4. Xurma ağacı əkmək
Bildiyimiz kimi xurma ağacı ən fəzilətli və ən faydalı ağaclardan biridir. Kim xurma ağacı əkib onun məhsulunu Allah üçün sədəqə edərsə, bu ağacdan istifadə edildikcə, meyvəsi yeyildikcə bunun savabı ağacı əkən insana ölümündən sonra belə davamlı olaraq yazılacaqdır. Fərq etməz istər bu ağaclardan faydalanan insan olsun, istər heyvan. İnsanlara fayda verən istənilən ağacı əkən də bu savaba nail olur. Hədisdə xurma ağacının xüsusilə qeyd olunması, bu ağacın digər ağaclardan seçilməsinə və üstünlüyünə görədir.
5. Məscid tikmək
Məscidlər Uca Allaha ən sevimli yerlərdir. Məscid tikildikdə orada namazlar qılınar, Allahın Kitabı oxunar, elm yayılar, müsəlmanlar toplaşıb Allahı zikr edərlər. Məscid tikən orada yerinə yetirilən hər bir ibadətə görə savab qazanır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Kim Allahın Üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər bir ev tikər” (əl-Buxari, 450).
6. Quran Kitabı miras qoymaq
Müsəlmanların faydalanması üçün Quran kitabını çap etdirib və ya alıb məscidlərə, məktəblərə və ya elm ocaqlarına bağışlayan kəslər nəzərdə tutulur. Bu Quran kitablarından oxuyanlara, əzbərləyənlərə, ayələrini düşünüb ibrət alanlara və ya oxuyub əməl edənlərə görə onu bağışlayana savab yazılar.
7. Bağışlanma diləyən övlad qoyub getmək
Övladların ölən valideynlər üçün dua edib Allahdan bağışlanma diləmələri ölən insana qəbirdə fayda verəcək əməllərdəndir. Bunun üçün isə mömin qoyub getdiyi övladları gözəl şəkildə tərbiyələndirməli, onların Allah qorxusu, gözəl əxlaq və saleh əməllər üzərində boya-başa çatmalarına çalışmalıdır.
Başqa bir hədisdə deyilir: “Uca Allah əməlisaleh qulunun Cənnətdə dərəcəsini artırar. Qul deyər: “Ey Rəbbim! Bu mənə hardandır?” Allah buyurar: “Övladının sənin üçün bağışlanma diləməsinə görədir”. (İmam Əhməd, 10611).
Bu yeddi əmələ sərhəddə keşik çəkəni də əlavə etmək olar. Bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Sağ insanların etdiyi dörd əməl vardır ki, bu əməllərin savabı ölənlərə də yazılır; arxasınca ona dua edən əməlisaleh övlad qoyub gedən şəxsə övladın duası yetişir. Özündən sonra ardı-arası kəsilməyən sədəqə qoyub gedənə ondan istifadə edildiyi müddətdə savab yazılır. Elm öyrədənə onunla (həmin elmlə) əməl edildiyi müddətdə, əməl edənlərin savablarından azalmamaq şərti ilə savab yazılır. Sərhəddə keşik çəkən kişiyə Haqq-hesab gününədək əməli artırılaraq savab yazılır”. (ət-Tabərani “Mu'cəmul-Kəbir” 6058, 6181). Başqa hədislərdə əlavə olaraq sərhəddə keşik çəkənin Qəbir əzabından əmin-aman olacağı da bildirlir (Muslim, 1913).