Allahın heç nəyə ehtiyacı yoxdursa, nə üçün bizdən ibadət etməyi tələb edir?

    07.08.2023
Sual: 
salam aleykum. Allahın heç nəyə ehtiyacı yoxdursa, nə üçün bizdən ibadət etməyi tələb edir?
Cavab: 

Aleykum salam. Əvvəla bunu qeyd edək ki, bu sualı verməklə siz Uca Allahı məxluqa bənzətmiş olursunuz. Bu isə düzgün deyil. Çünki adətən insanlar ehtiyac duyduqları üçün bir şeyi tələb edirlər. Allah isə nəyəsə ehtiyac duymaqdan Ucadır və Pakdır.

Uca Allahın insanlara Ona ibadət etməyi buyurması heç də Allahın onların ibadətinə möhtac olması anlamına gəlmir. Allah ibadət olunmağa layiq olduğu üçün insanlara Ona ibadət etməyi əmr etmişdir. Əksinə, insan Uca Allaha möhtacdır və buna görə Ona ibadət edir. Uca Allahın insana Ona ibadət etməyi əmr etməsi insana olan lütfü və mərhəmətindən irəli gəlir. Qüdsi bir hədisdə Uca Allah bu xüsusda buyurur: "Ey Mənim qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey Mənim qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz aranızdakı ən çox Allahdan qorxan adamın qəlbitək olsalar belə, bu, Mənim mülkümə heç bir şey artırmaz. Ey Mənim qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz aranızdakı ən günahkar adamın qəlbitək olsalar belə, bu, Mənim mülkümdən heç bir şey əskiltməz... Ey Mənim qullarım! Bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəyəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin. Kim də xeyirdən başqa bir şey tapsa, özündən başqa heç kəsi qınamasın" (Muslim, 6737). 

Uca Allah insanlara Ona ibadət etməyi buyurmasının səbəbini bu ayələrdə bildirmişdir: "Biz əmanəti göylərə, ye­rə və dağ­lara təklif etdik. On­lar onu da­şımaqdan qorxub im­tina etdilər. İnsan onu boynuna gö­tür­dü. Doğrudan da, o, za­lım və cahildir. Bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınlari, müş­rik kişiləri və müşrik qa­dınlari cə­za­lan­dır­sın, mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah bağış­la­yandır, rəhmlidir"  (əl-Əhzab, 72-73). 


Uca Allah bu ayələrdə bildirir ki, O, insanı yaratdıqdan sonra ona əmanəti təklif etmişdir. Əmanət dedikdə, Allahın buyurduqlarını yerinə yetirmək, qadağalarından çəkinmək nəzərdə tutulur. Uca Allah insana bu əmanəti təklif edərək onu yerinə yetirəcəyi təqdirdə əbədi Cənnətlə müjdələmiş, yerinə yetirməyəcəyi təqdirdə isə Cəhənnəmə girəcəyini bildirmişdir. İnsan isə bu əmanəti qəbul etmişdir. İnsan bu əmanəti daşıyanın Allahın böyük lütfünə, bol savabına, əbədi Cənnətinə nail olacağını, habelə bu əmanəti daşıyanın Allah qatında şərəfini bildiyi halda niyə də qəbul etməsin? Məhz buna görə də Uca Allah insanı yaratdığı digər məxluqlardan üstün etmişdir. Uca Allah buyurur: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün ya­rat­dım. Mən onlardan ruzi is­tə­mirəm. Mən onlardan Məni ye­dirt­mə­lərini də istəmirəm. Həqiqətən, Allah ruzi ve­rəndir, qüvvət sahibidir, Mə­tindir" (əz-Zariyat, 56-58).

Paylaş: