"Dindar insanın həyatı cansıxıcıdır" fikri doğrudurmu?
Aleykum salam. Bu suala cavab vermək üçün ilk növbədə xoşbəxtliyin nədə olduğunu araşdıraq. İnsanlar xoşbəxtliyi müxtəlif şeylərdə görürlər. Bəziləri düşünür ki, xoşbəxtlik var-dövlətdədir, amma baxsaq görərik ki, varlı adamların heç də hamısı xoşbəxt deyil. Bəziləri xoşbəxtliyi məşhurluq və ad-sanda görürlər. Halbuki, bəzən məşhur adamların intihar etdiyini görürük. Həmçinin xoşbəxtlik vəzifədə, coxlu oğul-uşağa sahib olmaqda və s. şeylərdə də deyil. Əsl xoşbəxtlik qəlb rahatlığındadır. Qəlb rahatlığını isə yalnız iman gətirməklə əldə etmək olar. Uca Allah bu xüsusda buyurur: "Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə (xatırlamaqla) rahatlıq tapır" (ər-Ra'd, 28).
Odur ki dindar insanın həyatı zahirən kiməsə darıxdırıcı görsənsə də, əslində əsil xoşbəxtliyi o yaşayır. Çünki qəlbi rahatdır, nə üçün yarandığını, nə üçün yaşadığını, nəyə can atdığını, qarşıda onu nə gözlədiyini bilir. Odur ki Uca Allah Quranda mömin olmayan insanla mömin insanı müqayisə edərək buyurur: "Kor ilə görən eyni deyil, zülmətlərlə nur da, kölgə ilə bürkü də eyni deyil. Dirilərlə ölülər də eyni deyillər" (Fatir, 19-22).
Mömin insan Uca Allahın haram buyurduğu müəyyən əməlləri və qidaları tərk etməklə heç də özünü dünya nemətlərindən məhrum etmiş sayılmır. Əksinə diqqət etsək görərik ki, Uca Allahın haram buyurduğu, bəzi insanların isə "dünya neməti" və ya "əyləncə" adlandırdıqları qidalar və əməllər əslində insana zərərdir. Həmçinin diqqət etsək görərik ki, Uca Allahın halal etdikləri haram etdiklərindən qat-qat çoxdur. Haram buyurulanlar isə çox az saydadır. Mömin insan Allahın dininə zidd olmayan heç bir nemətdən özünü məhrum etmir. Əksinə dinimiz Uca Allahın halal buyurduğu bir şeyi insanın özünə haram etməsini qadağan etmişdir. Uca Allah bu xüsusda buyurur: "Ey Adəm oğulları! Məscidlərə gedərkən gözəl geyimlərinizi geyin. Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir. De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında hamıya, Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik" (əl-Əraf, 31-32).
İslam dininin buyurduğu hər bir şeydə xeyir, çəkindirdiyi hər bir şeydə isə zərər var. Əvvəl qeyd etdiyimiz kimi, Uca Allahın halal etdiyi nemətlərlə müqayisədə haram etdiyi şeylər çox azdır. Odur ki "dindarlar çox şeyə haram deyirlər" fikri yanlışdır. Dindar insan tapdığı qəlb rahatlığı və nemətin dəyərini bildiyi üçün müxtəlif çətinliklərlə üzləşmiş olsa belə tutduğu bu yoldan dönmür. Çünki yəqinliklə bilir ki, xoşbəxtlik və nicat məhz bu yoldadır. Həmçinin oxuyun: