İslam dini qadının azadlığını əlindən alırmı?

    08.08.2023
Sual: 
Salam. İslam dinində qadına çoxlu qadağalar qoyulur -- evdən çıxmamaq, işləməmək, örtünmək, atasına və ərinə tabe olmaq və s. Amma kişilərə bu qadağalar qoyulmadığı üçün bunun ədalətsiz olduğunu düşünürəm ...
Cavab: 
Aleykum salam. Qadınlar Allahın yaratdığı zərif və möhtərəm varlıqlardır. Allah onları dünyanın ən gözəl bəzəyi kimi yaratmışdır. İslam dini qadına xüsusi dəyər verir. Quran ayələrinə və Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədislərinə baxsaq görərik ki, dinimiz qadınlara hörmət etməyi, onlarla gözəl davranmağı əmr edir. Uca Allah buyurur: "Onlarla (qadınlarla) xoş rəftar edin" (ən-Nisa, 19). Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öz zövcələrinə, qızlarına və səhabə qadınlara qarşı olan gözəl münasibəti İslam dininin qadınlara verdiyi dəyərin ən gözəl nümunədir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm" (ət-Tirmizi (4/367), İbn Məca, 1977). 
İslam dininin valideynə, xüsusilə də anaya verdiyi dəyər qadına verilən dəyərin aydın təzahürüdür. Uca Allah buyurur: "Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-gü­nə zəiflədiyinə baxmayaraq da­şımışdır. Onun süd­dən kəsil­məsi isə iki il ərzində olur. Mənə və vali­deyn­lə­ri­nə şükür et! Axır dönüş Mənədir" (Loğman, 14). Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi­: "Ya Rəsulullah, mən ən çox kimə qayğı göstərməliyəm?” Dedi: "Anana!" Adam yenə soruşdu: "Sonra kimə?" Dedi: "Ana­na!" Adam bir də so­ruş­du: "Sonra kimə?" Dedi: "Anana!" Axırıncı dəfə: "Sonra kimə?"– soruş­duq­da, o: "Atana!"– dedi.” (əl-Buxari, 5971). 

Bəli, İslam dini qadının zərif təbiətini, fiziki cəhətdən zəifliyini nəzərə alaraq onu qorumaq üçün bəzi qadağalar qoymuşdur, lakin bu qadağalar heç də qadının dəyərini aşağı salmır, onun hüquqlarını məhdudlaşdırmır. Əksinə bu, qadınların cəmiyyətdə qorunmasına, layiq olduqları hörmət və sevgini görmələrinə xidmət edir. Məsələn, qadın ərinə itaət etməlidir. Bu itaətkarlıq ailənin qorunması və ailədə fikir ayrılığının aradan qalxması üçündür. Bunu qadına hörmətsizlik kimi qəbul etmək doğru deyil. Dinimizin qadınlara qoyduğu digər qadağaların da hər birinin qadının xeyrinə bir səbəbi vardır. Amma "evdən çıxmamaq" adlı bir qadağa yoxdur. Qadın yalnız səfərə tək və məhrəmsiz çıxa bilməz. Həmçinin "qadın işləyə bilməz" deyə dini anlayış yoxdur. Qadın həkim, müəllimə və digər ixtisaslara yiyələnib işləyə bilər. Həmçinin oxuyun:

Hicab - azadlıqdır!​​​​​​​
Paylaş: