Tərkibində haram qatışığı olan dərmanlardan istifadə etmək və ya onları satmaq olarmı?
Va aleykum salam. Əgər tərkibinə haram qatışığı olan dərmanları əvəz edən başqa dərman vasitələri yoxdursa və ya bu dərmanlar kimi təsir gücünə malik deyilsə, bu halda haram qatışığı olan dərmanlardan istifadə etmək və onları satmaq icazəli sayılır. Çünki bu, zərurət sayılır. Uca Allah zərurət halında haram olan qidalardan istifadə etməyə icazə vermişdir. Uca Allah bu xüsusda buyurur: "O sizə ancaq ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. Hər kim təcavüz etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, bu ona günah sayılmaz. Həqiqətən, Allah çox bağışlayandır, rəhmlidir" (əl-Bəqərə, 173). Həmçinin buyurur: "Kim çarəsiz qalarsa, günaha meyl etməyərək, haram edilmiş qidalardan yeyə bilər. Çünki Allah bağışlayandır, rəhmlidir" (əl-Maidə, 3). İbn Kəsir bu ayənin təfsirində deyir:
"Yəni hər kim zərurətdən dolayı Uca Allahın ayədə qeyd etdiyi bu haramlardan birini yemək məcburiyyətində qalarsa, zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər. Allah əlbəttə ki, onun üçün bağışlayandır, rəhmlidir. Çünki Uca Allah naçar qalmış qulunun buna ehtiyacını bilir və buna görə onun günahını bağışlayaraq günahından keçir. İbn Hibbanın "Səhih" və İmam Əhmədin "Musnəd" əsərlərində, Abdullah ibn Ömərdən Peyğəmbərin belə dediyi rəvayət edilir: "Uca Allah, Ona asilik edilməyi sevmədiyi qədər, Onun rüsxətlərinə əməl olunmasını sevir" (Əhməd, 5866).