Cariyə dedikdə kimlər nəzərdə tutulur?

    03.10.2021
Kimdən: 
Resad
Sual: 
Qurani Kerimde defelerle vurĝulanibki,zovler ve sahib olduĝunuz carielerle evlenin,bilmek isterdimki,bu CARIYELER kimlerr deyilir?
Cavab: 
Əssələmu aleykum. Quran ayələrində "cariyə" dedikdə, qul qadınlar nəzərdə tutulur. Cariyələr İslam dinindən əvvəl də mövcud idi. İslam dini gəldikdə (miladi 610-cu ildə) quldarlıq dövrü davam edirdi. İbrahim peyğəmbərin (ona Allahın salamı olsun) zövcəsi, İsmailin anası Həcər (onlara Allahın salamı olsun) kölə qadın olmuşdur. İslamdan əvvəl köləliyin bir çox səbəbləri olmuşdur. Əsas səbəblər bunlardır:

1) Müharibələr - iki dövlət və ya qəbilə arasında döyüş baş verdikdə, qalib gələn tərəf məğlub olmuş tərəfin qadın və uşaqlarını kölə olaraq qul bazarlarında istədikləri kəslərə satardılar. 

2) Kasıbçılıq - bəzən kasıb insanlar ehtiyac üzündən öz qızlarını qul kimi imkanlı adamlara satardılar. 

3) Adam oğruluğu - bəzi tacirlər və quldurlar uzaq ölkələrə səfərlər edərək azad insanları oğurlayır və onları qul bazarlarında satardılar.

İslam dini gəldikdən sonra Uca Allah insan oğurluğu ilə azad insanların qula çevrilməsini və valideynlərin öz övladlarını satmasını qadağan etdi. Yalnız kafirlərlə döyüş zamanı əsir düşənlərin qula çevrilməsini təsdiqlədi. Çünki müsəlmanlara qarşı döyüşən kafir ölkələr müsəlman ölkələrini işğal etdikdən sonra oradakı qadın və uşaqları öldürür, sağ qalanları isə əsir edərək qula çevirirdilər. İslam dini də buna qarşılıq olaraq müsəlmanlara qarşı döyüşən kafirlərin qadın və uşaqlarını əsir alaraq qula çevirməyə icazə verdi. Lakin kafirlərin qullara qarşı münasibətindən fərqli olaraq İslam dini qullara qarşı gözəl davranmağı buyurdu və onların haqlarını şəriət qanunları ilə müəyyən etdi. Bu qanunlardan bəzilərini qeyd edək:

1. Qul sahibi, qula gücü çatmayan işlər tapşırmamalıdır; Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Kölələriniz sizin qardaşlarınızdır! Allah on­ları sizin tabeçiliyinizə vermişdir. Kimin qar­da­şı öz tabeçiliyi altında olsa, yedi­yindən ona da yedirtsin, geyin­diyindən ona da ge­yindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah, onları güc­lə­ri çatmadığı bir işlə yükləsəniz, onda onlara yardım edin" (əl-Buxari, 30).

2. Qul sahibi, qulu İslam dinini qəbul etməyə məcbur edə bilməz, çünki dində məcburiyyət yoxdur;

3. Əgər qul qadın evli olarsa, qul sahibi onu boşanmağa məcbur edə bilməz. Həmçinin istəmədiyi bir şəxsə ərə verə bilməz;

4. Qul sahibi qulunu öldürə bilməz, ona əziyyət verə bilməz, onu təhlükəyə ata bilməz;

Əksinə, İslam dini müsəlman qulları azad etməyə rəğbətləndirmiş, bir çox hallarda kəffarə olaraq müsəlman qulu azad etməyi buyurmuşdur. Məsələn: Allaha and içib andını yerinə yetirə bilməyən kəs on kasıbı yedizdirməli və ya geyindirməli, yaxud bir müsəlman qul azad etməlidir. Buna imkanı olmayan isə üç gün ardıcıl oruc tutmalıdır. Bir hədisdə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Üç qisim insan var­dır ki, onlar ikiqat savab qazanır: Kitab əhlindən olub öz peyğəmbərinə iman gə­tir­miş, sonra da Muhəmmədə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) iman gətirən adam; həm Allahın, həm də öz ağa­la­rının haqqını ödəyən kölə; və bir də o kimsə ki, yaxınlıq etdiyi kənizinə yaxşı tər­biyə vermiş, ona gözəl tərzdə elm öyrətmiş, sonra da (o kənizi) azad edib onun­la evlənmişdir. Beləsinə də ikiqat savab vardır" (Səhuh əl-Buxari, 97). 

Həmçinin, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölüm ayağında belə qullara qarşı yaxşı davranmağı buyurmuşdur. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) demişdir: "Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) son dediyi sözlər bu olmuşdur: "Namazlarınıza, namazlarınıza riayət edin və sahib olduğunuz qullarla yaxşı davranın!" (Əbu Davud, 5156; Əhməd, 585; İbn Macəh, 2698).

Qeyd edək ki, dövrümüzdə cariyələr mövcud deyil.

Paylaş: