Muhəmməd peyğəmbər ﷺ dediklərini özündən uydurubmu?
Va aleykum salam.
1) Əvvəla bunu qeyd edək ki, Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yazıb-oxumağı bacarmayıb. Ona görə də belə bir şeyi iddia etmək əsassızdır. Uca Allah bu xüsusda buyurur: "Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz" (əl-Əraf, 158). Uca Allahın son peyğəmbər olaraq yazıb-oxumağı bacarmayan bir insanı seçməkdə məqsədi qəlblərində bu cür şübhə olan insanların şübhəsinə son qoymaqdır. Uca Allah buyurur: "Sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər" (əl-Ənkəbut, 48).
Muhəmməd peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uca Allahın insanlar içərisindən seçdiyi və bütün bəşəriyyətə göndərdiyi elçisidir. Onun vəzifəsi Uca Allahın dinini insanlara çatdırmaq olmuşdur. Hakimiyyətə gəlmək və ya mal-dövlət yığmaq üçün gəlməmişdir. Belə deyənlər Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatından xəbərsizdirlər. Əksinə, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatına baxsaq görərik ki, ona hakimiyyət və var-dövlət təklif etmişlər, lakin o, bundan imtina edərək öz peyğəmbərlik vəzifəsini sona kimi yerinə yetirəcəyini bildirmişdir. Peyğəmbərin əmisi Əbu Talib ondan bu dəvəti tərk etməsini istədikdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dedi: "Bu günəşi görürsünüzmü?" Onlar: "Bəli"- deyə cavab verdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Əgər mənə günəşdən bir parça vermiş olsanız belə, mən bu dəvəti tərk edə bilmərəm" (İbn Əsəkir, 1/363/11).
Həmçinin, Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatına diqqət etsək görərik ki, o heç vaxt dünya malına meyl etməmişdir. Cəbrail (ona salam olsun) Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın qulu və elçisi olmaqla, hökmdar olmaq arasında seçim etməyi təklif etdikdə, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın qulu və elçisi olmağı seçmişdir. (İbn Hibban, 2137).
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dünyasını dəyişdikdə, nə bir dirhəm, nə bir dinar, nə bir kölə, nə bir kəniz, nə də başqa bir şey qoyub getməmişdir. Qoyub getdiyi ancaq bir ağ qatır, silahı və sədəqə verdiyi torpaq olmuşdur. (əl-Buxari, 2739) Həmçinin Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biz peyğəmbərlər miras qoymuruq, qoyub getdiyimiz Allah yolunda sədəqədir" (əl-Buxari, 3094).
Əgər Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) məqsədi hakimiyyətə gəlmək olsaydı, özü üçün mal-dövlət toplayardı və bu mal-dövləti övladlarına miras qoyardı. Bir dəfə Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına girdikdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) həsir üzərində yatdığını və yan tərəfində həsirin qoyduğu izi gördü. Öməri bu mənzərə kövrəltdi və o ağladı. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ondan: "Niyə ağlayırsan?"- deyə soruşduqda, Ömər (Allah ondan razı olsun) dedi: "Ey Allahın Elçisi, Kisra və Qeysər (hökmdar titulları) cah-cəlal içində yaşayırlar, sənsə Allahın Elçisi ola-ola nələr içində yaşayırsan?!" Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Dünyanın onlar üçün, axirətin bizim üçün olmasına məgər razı deyilsən?" (Muslim, 2956).
Aişə (Allah ondan razı olsun) bacısı oğlu Urvaya demişdir: "Bacım oğlu! Olurdu ki, üç ay ərzində Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlərində od qalanmırdı" (əl-Buxari, 2567). Aişə bununla demək istəmişdir ki, aylarla Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlərində isti yemək bişirilməzdi.
Onun Allahın Elçisi olmasına çoxsaylı dəlillərdən biri də oğlu İbrahimin ölümüdür. Belə ki Peyğəmbərin (sallallahu aleyhi və səlləm) oğlu İbrahim vəfat edən vaxt günəş tutuldu. İnsanlar: "Günəş İbrahimin ölümünə görə tutulmuşdur" dedilər. Peyğəmbər (salləllahu aleyhim və səlləm): "Həqiqətən günəş və ay Allahın rəmzləridir. Onlar heç kəsin ölmünə və ya doğulduğuna görə tutulmurlar...". (Səhih əl-Buxari; 1043). Sözsüz ki, yalan iddiada olan insan belə bir haldan istifadə edib oğlunun ölümünü günəşin tutulması ilə əlaqələndirər və insanların ona olan inamını daha da artırmağa çalışardı.
Həmçinin oxuyun:
2) Qəlbinizdə yaranan sıxıntıya gəlincə, bu sizin ibadətlərdən uzaqlaşdığınıza görədir. Çünki Allah buyurur: "Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapıar2 (ər-Rad, 28). Ən böyük zikr isə namazdır. Odur ki, ətrafdakı insanların dediklərinə fikir verməyin və ibadətə başlayın. Ətraflı oxuyun: