Hərra hadisəsi baş vermişdirmi?

    22.02.2022
Kimdən: 
Azer
Sual: 
Salam.Heqiqeten de Hirra hadiseleri olubmu?Yeni 1 ci Yezidin Medineye hucumu.
Cavab: 

Va aleykum salam. 

Hərra döyüşü hicri təqvimi ilə 63-cü ildə Mədinə əhalisi ilə Yezid ibn Muaviyənin göndərdiyi qoşun arasında baş vermişdir. Böyük alim İbn Əsir (555-630 hicri) Hərra döyüşü barədə belə yazır:

"Hərra döyüşü İslam tarixində Yezid ibn Muaviyənin dövründə baş vermiş məşhur bir hadisədir. Bu hadisədə Mədinə şəhəri və onun döyüşçüləri Şamdan gələn ordu tərəfindən talan olundu. Bu ordunu Yəzid ibn Muaviyə hicri 63-cü ildə Muslim ibn Uqbə əl-Murrin başçılığı ilə Mədinə əhalisini təşkil edən səhabə və tabiinlərə qarşı vuruşmağa göndərmişdi. Məhz bu hadisədən sonra Yəzid həlak oldu. Hərra - Mədinənin ətrafında yerləşən qara daşlıq ərazidir. Hadisə burada baş verdiyinə görə belə adlanmışdır". (ən-Nihəyə, 1/365). 

Hərra döyüşünün baş verməsinə gəlincə, İbn Həcər bu barədə belə deyir: "Hərra hadisəsi hicri 63-cü ildə baş vermişdir. Bu hadisənin səbəbi Mədinə əhalisinin Yəzid ibn Muaviyəyə beyət etməkdən imtina etmələri olmuşdur". (Fəthul-Bari, 8/651). Mədinə əhlinin Yəzid ibn Muaviyəyə beyət etməkdən imtina etmələrinə səbəb isə Yəzid barədə yayılmış bəzi şayələr olmuşdu. Şayələrə görə Yəzid içki içir, sarayda it saxlayır və namaz qılmırdı. Buna baxmayaraq Mədinədə yaşayan bəzi hörmətli səhabələr Mədinə əhalisinin ona qarşı çıxmalarının əleyhinə idilər. Belə səhabələrə Abdullah ibn Öməri, Abdullah ibn Abbası, Əlinin (Allah ondan razı olsun) oğlu Muhəmməd ibn əl-Hənəfiyyəni və Əbu Səid əl-Xudrini misal gətirmək olar. Nafi rəvayət edir ki, Mədinə əhli Yezid ibn Muaviyəyə beyət etməkdən intina etdikdə, İbn Ömər ailəsini və övladlarını yığıb dedi: "Mən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm: "Qiyamət günü tanınsın deyə hər bir xainin yanında yerə bir bayraq sancılacaq və deyiləcək: "Bu, xain filankəs ibn filan­kəsdir". Biz bu kişiyə (Yezidə) Allah və Onun Elçisinin buyurduğu kimi beyət etmişik. Mən bir nəfərə Allahın və Onun Elçisinin beyəti kimi beyət edib sonra onu pozmaqdan və ona qarşı döyüşməkdən daha böyük bir xainlik görmürəm. Sizlərdən kim beyət etməkdən imtina etmişsə, artıq məndən ayrılmışdır" (əl-Buxari, 7111). 

Mədinə qiyamçılarına başçılıq edən Abdullah ibn Muti yanındakı adamlarla Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) oğlu Muhəmməd ibn əl-Hənəfiyyənin (Allah ondan razı olsun) yanına gəlib Yezidin içki içib, namaz qılmadığını söyləyərək onu özləri ilə birgə hərəkət etməyə dəvət etmişdi. Lakin Muhəmməd onlara belə cavab vermişdi:

"Mən bir müddət Yezidin yanında oldum, lakin bu dediklərinizi onda görmədim. Namazlarını daim qılırdı, dində xeyirli işlərin nələr olduğunu araşdırırdı, fiqhə dair bilmədiklərini bilənlərdən soruşurdu, sünnəyə də əməl edirdi".

Abdullah ibn Muti dedi: "O, bunu sənin yanında riyakarlıq etmək üçün etmişdir". Muhəmməd dedi: "Məndən qorxusu və ya umacağı yox idi, niyə mənim yanımda riyakarlıq etsin? Onun içki içdiyini haradan bilirsiniz? Gözünüzlə görmüsünüzmü? Əgər görüb etiraz etməmisinizsə, demək onun badə yoldaşı olmusunuz. Yox əgər görməmisinizsə, bu barədə şahidlik etmək sizə halal deyildir. Mən sizin bu işinizdən uzağam" (Şəmsəddin ibn Tolon, Qeyd əş-Şərid, səh.40). 

Mədinədə baş verənlərin xəbəri Yezidə çatdıqda, o, böyük səhabə Numən ibn Bəşir əl-Ənsarini məsələni dinc yolla həll etmək üçün (Allah ondan razı olsun) onların yanına göndərdi. Lakin o, qiyamçıları tutduqları yoldan döndərə bilmədi. Belə olan halda Yezid ibn Muaviyə 12 minlik ordunu Muslim ibn Uqbənin başçılığı ilə Mədinəyə göndərdi və onu belə təlimatlandırdı: "Onlara üç dəfə xəbərdarlıq edərək sülhə dəvət et. Əgər bunu qəbul etsələr heç kimə toxunma. Yox əgər bunu üç dəfə rədd etsələr onlarla vuruş. Onları məğlub etdikdən sonra üç gün ərzində şəhəri əsgərlərin ixtiyarına burax (əhaliyə istədiklərini etsinlər), üç gündən sonra əsgərlərinə heç kimə və heç nəyə toxunmamağı əmr et". (ət-Tabəri, "Tarix" əsəri, 3/3100; İbn Kəsir "əl-Kamil", 4/105; İbn Kəsir "əl-Bidəyə", 8/356). 
Muslim ibn Uqbə Mədinə əhalisinə üç gün möhlət verdi sonra Hicri 63-cü ilin Zülhiccə ayının 27-si (miladi 27 avqust 683-cü il) onlar arasında döyüş baş verdi və bu döyüşdə bir çox səhabələr və onların övladları qətlə yetirildi. 
Yezidin ordusuna başçılıq edən Muslim ibn Uqbəyə bu əməlinə görə "Musrif" (Həddi aşan) ləqəbi verilmişdir. 
Bu hadisə bizə rəhbərə qarşı çıxmağın aqibətinin pis olduğunu göstərir. Bu səbəbdən alimlər günahkar və asi olsa belə, müsəlman hakimə qarşı çıxmaqdan çəkindirmişlər.
Teqlər: 
Paylaş: