Qiyamət günü günahlar insanların içində bildiriləcəkmi?

    24.02.2022
Kimdən: 
Aynur
Sual: 
Salam. Iwletdiyimiz gunahlara gore O biri dunyada Allah sorgu suala cekende butun millet gunahlari bilecek? Biyabr olacayiq?? 2) tovbe edildikde iwletdiyimiz gunahi Allah yene sorgu sual edir? Uzume vurur?
Cavab: 

Va aleykum Salam. Uca Allah bəzi mömin insanların bu dünyada tövbə etmədiyi bəzi günahlarını Qiyamət günü cəza olaraq insanların qarşısında açacaq. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qiyamət günü hər bir xain üçün bir bayraq sancılacaq və deyiləcək: "Bu, xain filankəs ibn filan­kəsdir" (əl-Buxari, 6177; Muslim, 1735). Yəni xain tanınsın deyə onun yanında yerə bayraq sancılacaq və hər kəs bunu görəcək. Başqa bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Müsəlman müsəlmanın qardaşıdır; ona zülm etməz və onu ələ verməz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı bir sıxıntıdan qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da Qiyamət günü onun eyblərini örtər" (əl-Buxari, 2442; Muslim, 2580). Bu hədisdən başa düşülən məna budur ki, kim dünyada müsəlmanın eyibini açarsa, Allah da Qiyamət günü onun eyibini açar.

Lakin günahdan səmimi tövbə edənlərin günahları onlara bildirilsə də, bu, insanlar içində deyil, təklikdə olacaq. Çünki Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir günahdan tövbə edən şəxs, bu günahı etməmiş kimidir" (İbn Məcə, 4250). Kafirlərin günahları isə insanlar içində bildiriləcək. Rəvayət edilir ki, İbn Ömər (Allah onlardan razı olsun) demişdir: "Mən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dedi­yi­ni eşitdim: "Allah mömini Özünə tərəf yaxınlaşdıracaq, Özü onu əhatə edib qoruyaraq və: "Filan günahı (etdiyini) bilirsənmi? Filan günahı (etdiyini) bi­lir­sənmi?"– deyə soruşacaq. (Mömin): "Bəli, ey Rəbbim!”– deyə cavab verə­cək. Nəhayət, Allah ona günahlarını etiraf etdirdikdə və o, öz-özlüyündə həlak olduğunu güman etdikdə Allah buyuracaq: "Dünyada sənin günah­la­rı­nı ört-basdır etdim və bu gün də Mən sənin günahlarını bağışlayıram.” Son­ra ona (içində) yaxşı əməlləri yazılmış bir kitab veriləcək. Kafirə və mü­na­­fiqlərə gəldikdə isə, (onların əməllərinə) şahid olanlar deyəcəklər: “Bunlar Rəbbinə iftira yaxan­lar­dır”– deyəcəklər. Allahın lənəti olsun za­lımlara!”  (əl-Bu­xari, 2441).

Teqlər: 
Paylaş: