Cənnətin vəsfi belədir

    14.03.2017
Uca Allah Cənnəti vəsf edərək buyurur: "ttəqilərə vəd edilmiş Cənnətin vəsfi belədir; onun ağacları altından çaylar axar və onun yeməkləri də, kölgəsi də daimidir. Müttəqilərin aqibəti budur. Kafirlərin aqibəti isə Oddur". (ər-Ra'd, 35).
Həmçinin buyurur: "Müttəqilərə vəd olunan Cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. Məgər onlar od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi?" (Muhəmməd, 15).

Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Əməlisaleh qullarım üçün heç bir gözün görmə­diyi, heç bir qulağın eşitmədiyi və heç bir insanın ağlına belə gəlmədiyi nemətlər hazırladım. İstəyirsinizsə, bu ayəni oxu­yun: "Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir". (əs-Səcdə, 17).
Cənnətdə elə bir ağac vardır ki, minikli onun kölgəsində yüz il yol getsə də onu qət edə bilməz. İstəyirsinizsə, bu ayəni oxuyun: "Uzanmış kölgəliklərdə". l-Vaqiə, 30).
Cənnətdə bir qamçı qədər yer, dünya və onda olanlardan daha xeyirlidir. İstəyirsinizsə, bu ayəni oxuyun: "Kim oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir". (Ali İmran, 185)". (ət-Tirmizi, 3292). 

 

Cənnətin çayları

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən, Cənnətdə su, bal, süd və içkidən olan iri çaylar vardır. (Cən­nət əhli Cənnətə girdikdən) sonra əlavə çaylar da qayna­yacaq". (ət-Tirmizi, 2571).

 

Cənnət əhlinin xarici görünüşü və yaşları

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) de­miş­dir: "Cənnətə girən nemət görər, kasıblıq görməz, paltarı köhnəlməz və gənc­liyi tükənməz". (Səhih Muslim, 7335).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "(Cənnətdəkilər Cənnətə girdikdə) bir çarçı belə car çəkə­cəkdir: "Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşa­yıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmaya­caqsı­nız. Siz nemət içində olub, heç vaxt kədər çəkməyəcəksiniz". Bu haq­da Uca Allah belə buyurur: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)". (Səhih Muslim, 7336).
Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) de­miş­dir: "Cənnət əhli tüksüz (başları istisna olmaqla), saqqalsız və gözləri sürməli olacaqlar. Onlar daim cavan qalacaq­lar, libasları da köhnəlməyəcək". (ət-Tirmizi, 2539).
Miqdam ibn Madi Kərib (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Elə bir ölən döl və ya qoca yoxdur ki, - insanlar ancaq bu iki yaş arasında olurlar – öldükdən sonra otuz yaşında dirilməsin. Kim Cənnət əhlindəndirsə, Cənnətə Adəm boyda, Yusuf surətində, qəlb­ləri Əyyubun qəlbitək daxil olacaqlar. Kim Cəhənnəm əhlindəndirsə, Cəhənnəmə dağ boyda böyüdülərək daxil olacaqlar". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 663, 17053).

 

Cənnətin bitkiləri və torpağı

 

Allah Elçisi (salləllahu aleyhi və səlləm) bu­­yurmuş­­dur: "Cənnətdə elə bir ağac yoxdur ki, gövdəsi qızıldan olmasın". (ət-Tirmizi, 2525).
Həmçinin buyurmuşdur: "İsra gecəsində İbrahimlə (aleyhis-sələm) görüşdüm və o belə dedi: "Ey Muhəm­məd, məndən ümmətinə salam söylə və onlara xəbər ver ki, Cən­nə­tin torpağı xoş, suyu şirindir. Cənnətin ərazisi dümdüzdür, "Subhən­əllah, əlhəm­du­lilləh, lə iləhə illəllah, Allahu Əkbər" kəlmələri isə onun bitkilə­ri­dir". (ət-Tirmizi, 3462).
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) de­miş­dir: "Cənnətdə elə bir ağac vardır ki, atlı onun kölgəsində yüz il yol gedə­cək, (amma onu qət edə bil­mə­yəcək). İstəyirsinizsə, bu ayəni oxuyun: "uzan­mış kölgəliklərdə...". (əl-Vaqiə 30)". (Səhih əl-Buxari, 3252).
Bir gün Peyğəmbərə (salləllahu aleyhi və səlləm) sual verdilər: "Cənnətdə olan evlər nədən düzəldilib?" O cavab verdi: "Bir kərpic gümüşdən, bir kərpic qızıl­dan. Onun (divarlarının) malası xoş ətirli müşkdən­dir. Onun çınqılları mir­varidən və yaqutdan, torpağı isə zəfəran­dandır. Ora daxil olan ne­mət içində olar və əziyyət görməz, (orada) əbədi qalar və ölməz, libası köhnəl­məz və qocalmaz". (ət-Tirmizi, 2526, 2717).

 

Cənnətin meyvələri

Uca Allah buyurur: "Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında və istədikləri meyvələr içində olacaqlar". (əl-Mursəlat, 41-42).
Bəra ibn Azib (Allah ondan razı olsun) Allah Subhanəhu və Təalanın bu ayəsi "(Cənnətin) meyvələri də tam onların ixtiyarına veriləcək". (əl-İnsan, 14) haqqında belə demişdir: "Həqiqətən, Cənnət əhli ayaq üstə, oturaraq və uzanaraq – istədikləri hər bir vəziyyətdə Cənnət meyvələrini yeyəcəklər".

 

Cənnət çadırları

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Cənnətdə eni altmış milə bərabər, içi boş mirvarilərdən hazır­lan­­mış çadırlar vardır. Onun hər küncündə bir-birilərini görməyən zöv­­cə­lər vardır ki, möminlər vaxtaşırı onların yanına girəcəklər. İki Cənnət var­dır ki, onların içindəki qab-qacaqlar və başqa əşyalar gümüşdəndir. Digər iki Cənnət də vardır ki, onların için­də­ki qab-qacaqlar və başqa əşyalar qızıldandır. Əzə­mət pərdəsindən başqa heç bir şey Ədn Cənnətində olan kimsələrə Rəbbinin Üzünü görməyə maneə ol­ma­yacaq". (Səhih əl-Buxari, 4879).

Cənnət əhli ölməyəcək

Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurdu: "Yuxu ölümün qardaşıdır, Cənnət əhli isə ölməyəcək". (əl-Heysəmi "Məcməuz-Zəvaid", 10/410, 415).

Cənnət əhlinin xidmətçiləri

Abdullah ibn Amr (Allah ondan razı olsun) demişdir: "Cənnət əhlindən ən aşağı mər­təbəyə sahib olanın xidmətində durmaq üçün min xidmətçisi olacaq. Hər xidmətçi həmkarının etmədiyi fərqli bir iş görəcək. "Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan". (əl-İnsan, 19)".

 

Cənnət əhlinin miniyi

Əbu Əyyub (Allah ondan razı olsun) demişdir: "Bir bədəvi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: "Mən atları sevirəm, Cənnətdə at varmı?" O (salləllahu aleyhi və səlləm) belə bu­yur­du: "Cənnətə daxil olsan, sənə iki qanadlı, yaqutdan olan at veriləcək. Onun üzərinə oturacaqsan, o da səni Cənnətdə istədiyin yerə aparacaq". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 3968, 4075).

 

Cənnət əhlinin libasları

Uca Alllah buyurur: "Onlar Ədn cənnətlərinə daxil olacaq, orada altun bilərziklər və incilərlə bəzənəcəklər. Libasları da ipəkdən olacaqdır". (Fatir, 33).
"(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir". (əl-İnsan, 21). 
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib soruşdu: "Ey Allahın Elçisi, bizə Cənnət əhlinin libasları haqqında xəbər ver, onlar hazır yaradılacaq, yoxsa onu tikə­cək­lər?" Bəziləri güldü. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Nəyə gülürsünüz? Bilməyən kimsənin biləndən soruşmasına gülürsü­nüz?" Sonra o, başını aşağı saldı və buyurdu: "Sual verən hanı?" Kişi dedi: "Mən bura­dayam, ey Allahın Elçisi!" O buyurdu: "Cənnətin barı açılacaq və o libas oradan çıxacaq". O bunu üç dəfə təkrarladı". (İmam Əhməd, 6799, 7095).

 

Cənnət huriləri

Uca Allah buyurur: "Onları iri qaragözlü hurilər gözləyir – sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər". (əl-Vaqiə, 22-23).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah yolunda səhər və ya axşam döyüşə getmək dünya və onun içindəkilərindən daha xeyirlidir. Birinizin Cənnətdəki ox boyda yeri və ya qamçısının qoyduğu yer dünya və onun içindəkilərindən daha xeyirlidir. Əgər Cənnət qadınlarından biri yer sakinlə­rinə görünsəydi, göylə yer arasında olan hər tərəfi işıqlandırar və onun gö­zəl iyi hər yanı bürüyərdi. Onun baş örtüyü isə dünya və onun içindəki­lərin­dən daha xeyirlidir". (Səhih əl-Buxari, 2796).

 

Cənnət əhli natəmizlikdən uzaqdırlar

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dedi: "Cən­nətin sakinləri orada yeyib-içərlər, lakin sidik və nəcis ifraz etməz, tüpürməzlər". Soruşdular: "Bəs onların yedikləri necə çıxacaq?" Peyğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Gəyirmək və müşk qoxusu olan tər ilə. Nəfəs aldıqları kimi onlara (rahatlıqla) təsbih (Subhanəllah) və təhmid (Əlhəmdulilləh) etməyə ilham veriləcək". (Səhih Muslim, 7331).

 

Cənnət nemətləri tükənməzdir

Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: "İstədiyini arzu et!" - deyilməsidir. O da istədiyi qədər arzulayacaq. Sonra ona: "Arzuladıqların bitdimi?" - deyiləcək. O: "Bəli!" - deyə cavab verdikdə ona: "Arzuladıqların və bir o qədəri də sənindir" - deyiləcək. (Səhih Muslim, 268).
Əbu Səid (Allah ondan razı olsun) demişdir: "Uca Allah Cənnəti bir kərpic qızıldan, bir kərpic gümüşdən yaratdı, orada bitkilər saldı və ona buyurdu: "Danış!" Cənnət dedi: "Möminlər, həqiqətən də, nicat tapmışlar". (əl-Mu'minun, 1). Mələklər də ora daxil olub dedilər: "Xoş olsun sənin halına, ey padşahların məskəni!" (əl-Bəzzar, 3507).
Paylaş: