Duanın qəbul olan vaxtları və məqamları hansılardır?

    04.05.2014
Sual: 
Salam aleykum. Dua hansi vaxtlarda ve hansi yerlerde qebul olunar?
Cavab: 

Aleykum salam. Duanın qəbul olma vaxtı və yeri haqqında bunları qeyd edə bilərik:

  1. Səcdə vəziyyətində və namazın sonunda (salamlardan qabaq). Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Bəndənin Rəbbinə ən yaxın olduğu halı onun səcdə vəziy­­yə­ti­dir. Odur ki, (səcdədə) duaları çoxaldın!" (Muslim, 482).
  2. Azan və iqamə arasında. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Azan ilə iqamə arası edilən dua rədd olunmaz". (ət-Tirmizi, 212).
  3. Gecənin son üçdə birində. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Gecənin üçdə biri və ya yarısı keçdikdə Uca Allah dünya səmasına enir və belə deyir: "İstəyən varmı ona verim. Bağışlan­ma diləyən varmı onu bağışla­yım. Tövbə edən varmı onun tövbəsini qəbul edim. Dua edən varmı onun duasını qəbul edim". (İmam Əhməd, 9589). Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Gecənin axırı edilən dua daha fəzilətlidir və (qəbul olunması) daha çox ümüdvericidir". (ət-Tirmizi, 3499). Gecənin son üçdə birinin vaxtını həmçinin saytımızın ana səhifəsindəki namaz vaxtları cədvəlindən öyrənə bilərsiniz: http://zikr.az/#prayer-times
  4. Cümə günü edilən dua. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman qul namazda həmin saatda Allahdan bir şey istə­yər­sə, şübhəsiz, Allah ona istədiyini verər". Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi". (Səhih Muslim, 852​).
  5. Yağış yağarkən. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: "İki dua vardır ki, geri qaytarılmaz: Azan verilərkən və yağış yağarkən". (Əbu Dəvud, 2540).
  6. Valideynin övladına etdiyi dua
  7. Oruclu olarkən edilən dua
  8. Müsafirin (səfərdə olanın) duası. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, geri qaytarılmır: Valideynin övladına etdiyi dua, oruclunun və müsafirin duası". (əl-Beyhaqi, 6619).
  9. Məzlumun (zülmə məruz qalanın) duası. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Üç dua vardır ki, onlar qəbul olunar; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi duası". (ət-Tirmizi, 1905).
  10. Ramazan ayında Qədr gecəsi edilən dua. Uca Allah buyurur: "Qədr gecəsi min aydan xeyirlidir". (əl-Qadr, 3).

Həmçinin oxuyun: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: