İnsan özünü tərifləyə bilərmi?

    20.07.2022
Kimdən: 
hhaahh
Sual: 
əssələmu aleykum. iman əhli bir bacı çox özünü tərifləyir və mən hər dəfə demək istiyirəm anca utanıram demirəm. buna görə gunah daşıyıram mən? hədundən artıq çox tərif deyir özünə misal ev işlərində ailəsinə qarşı etdiklərindən insanlara etdiyi yaxşılıqlardan hər dəfə o özünü tərifləyəndə ürəyim sıxılır istəyirəm deyiyim yalnız insan Allaha tərif deməlidi anca deyə bilmirəm utanıram. mənə nəsihət edin zəhmət olmasa.
Cavab: 

Va aleykum Salam. Uca Allah insanlara özünü tərifləməyi qadağan edərək buyurur: "Özü­nü­zü təmizə çı­xart­mayın! Çünki O, kimin Allah­dan qorx­duğunu yax­şı bilir" (ən-Nəcm, 32). Şovkəni (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: "Yəni özünüzü tərifləməyin, günahlardan uzaq olduğunuzu deməyin, çünki özünü tərifləməyi tərk etmək riyakarlıqdan daha uzaq, ixlasa daha yaxın bir əməldir". (Fəthul-Qadir, 5/136). Odur ki, əslində bir insanın özünü tərifləməsi və özündə olan gözəl xüsusiyyətləri bildirməsi qadağandır və ya ən aşağısı bəyənilmir. Lakin müəyyən hallarda əgər ehtiyac olarsa və ya söyləməsində məsləhət olarsa, bir insan yaxşı xüsusiyyətlərini ehtiyac olan qədər dilə gətirə bilər. İmam ən-Nəvəvi (Allah ona rəhmət etsin) bu xüsusda demişdir: "Bil ki, bir insanın özünü tərifləməsi və özündə olan yaxşı xüsusiyyətləri bildirməsi iki qisimdir: 1) Bəyənilməyən; 2) Bəyənilən:

1) Bəyənilməyən qismə gəlincə, bu, bir insanın özünü fəxr etmək üçün, digər insanlardan üstün olduğunu göstərmək üçün, insanlardan fərqləndiyini bildirmək üçün tərifləməsidir. 

2) Bəyənilən qismə gəlincə isə, əgər yaxşı xüsusiyyətləri qeyd etməkdə dini fayda varsa və ya insan yaxşı işlər görməyi əmr edib, pis işlərdən çəkindirərkən, nəsihət edərkən, öyrədərkən, ədəbləndirərkən, iki nəfərin arasını islah edərkən, və yaxud hansısa bir şəri, fitnəni özündən uzaqlaşdırarkən yaxşı xüsusiyyətlərini deyərsə və belə deməkdə niyyəti dediyi sözün qarşı tərəfdən daha tez qəbul olunması olarsa, bunda bir qəbahət yoxdur. Çünki bəzən belə məqamlarda insanın öz yaxşı xüsusiyyətlərini qeyd etməsi qarşı tərəfdən daha tez qəbul olunur. Bu mənada bir çox hədislər rəvayət olunur. Bunlardan bəzilərini qeyd edək:

Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mən həqiqətən Peyğəmbərəm və yalançı deyiləm" (əl-Buxari, 4317); "Mən Qiyamət günü Adəm övladının ən üstünü, qəbirdən çıxan ilk insan, ilk şəfaət edən və ilk şəfaəti qəbul olunan mən olacam" (Muslim, 4223); "Şübhəsiz ki, içinizdə (Allahdan) ən çox qorxan­ və Allahı ən yaxşı tanıyan mənəm!” (əl-Buxari, 20) .

Yusuf peyğəmbər (ona salam olsun) demişdir: "Bu yerin xə­zi­nələri­ni qo­rumağı mənə tap­şır. Çün­ki mən qo­ru­ya­nam, bu işi bilənəm”. (Yusuf, 55). 

Həmçinin, xəvariclər Osmanı (Allah ondan razı olsun) mühasirəyə aldıqda Osman on­lara baxıb dedi: "Sizi and verirəm Allaha və (Allah xatirinə) ancaq Peyğəm­bərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əshabələrinə müraciət edirəm. Məgər bilmirsiniz ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Kim Rumə quyusunu alsa, onun üçün Cənnət vardır”– deyə buyurmuş, mən də o quyunu satın almışdım?! Məgər bilmir­siniz ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun): "Kim çətin ordunu (Tabuk döyüşünə gedən ordunu) təchiz etsə, onun üçün Cənnət vardır"– deyə buyurmuş, mən də həmin ordunu təchiz etmişdim?" Xəvaric­lər onun dediyini təsdiq etdilər. (əl-Buxari, 2778).

Həmçinin Əli (Allah ondan razı olsun) demişdir: "Toxumu çatladıb cücərdən və insanı yaradan Allaha and olsun ki, bu, Peyğəmbərin mənə verdiyi vəddir ki, məni yalnız mömin sevər və mənə yalnız münafiq nifrət edər". (Muslim, 78).

Siz həmin insana yuxarıdakı dəlilləri gözəl əxlaqla, yumşaq tərzdə çatdırın.
Paylaş: