Axirətdə Cənnətlə Cəhənnəmdən başqa bir yer olacaqmı?
Va aleykum Salam. Uca Allah Qiyamət günü bir qrup insanın Cənnətdə, bir qrup insanın isə Cəhənnəmdə olacağını bildirir. Bu iki yerdən başqa bir dönüş yeri olmayacaq. Uca Allah buyurur: "Beləliklə, Biz sənə ərəbcə Quran vəhy etdik ki, şəhərlər anası Məkkə əhlini və onun ətrafındakıları xəbərdar edəsən, üstəlik, barəsində heç bir şübhə doğurmayan məhşər gününü yadlarına salasan. İnsanların bir qismi Cənnətdə, digər qismi isə Odda olacaq" (əş-Şura, 7).
Cənnətə və Cəhənnəmə girməzdən əvvəl bir qrup insan Cənnətlə Cəhənnəmin arasında olan "Əraf" adlanan səddə bir müddət gözləyəcəklər. Uca Allah bu xüsusda buyurur: "İki tərəf (Cənnət və Cəhənnəm əhli) arasında pərdə vardır. Ərafda (səddin üzərində) isə insanlar olacaqdır ki, onlar (Cənnət və Cəhənnəm əhlindən olan) hər kəsi simasından tanıyıb Cənnət əhlinə: "Sizə salam olsun!” deyəcə səslənəcəklər. Bunlar çox istədiklərinə baxmayaraq hələ ora (Cənnətə) daxil olmamış kimsələrdir". (əl-Əraf, 46). İbn Abbasdan (Allah ondan razı olsun) nəql olunan bir rəvayətdə deyilir: "Əraf, Cənnətlə Cəhənnəm arasında yerləşən bir təpədir. Bəzi (mömin) günahkarlar Cənnətlə Cəhənnəm arasında burada saxlanılacaq". Başqa bir rəvayətdə isə belə deyilir: "Əraf, Cənnətlə Cəhənnəm arasında bir səddir". Günahları ilə savabları bərabər olan bir toplum insan bu təpədə saxlanılacaq, lakin sonda Uca Allah onlara lütf göstərib "Sədd əhlinə deyiləcəkdir: "Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz" buyuracaq və onları Cənnətə daxil edəcək.