Qurandakı “Günəşin palçıqlı suda batması” ifadəsi elmə ziddirmi?

    02.05.2022
Kimdən: 
Abid
Sual: 
Qurandakı “Günəşin palçıqlı suda batması” ifadəsi elmə ziddirmi? Ateistlər deyirlər ki, Quranda Kəhf surəsinin 86-cı ayəsində Günəşin palçıqlı suda batdığı yerdən bəhs edilir. Bu da elmə ziddir. Onların iddiasını nə cavab vermək olar?
Cavab: 

Bu, ateistlərin məşhur Qurana qarşı gülünc iddialarından biridir. Onlar deyirlər ki, "Quranda Kəhf surəsinin 86-cı ayəsində günəşin palçıqlı suda batdığı yerdən bəhs edilir. Güya Quranda iddia edilir ki, Zülqarneyn günəşin batdığı yerə getdi. Axı insan günəşin batdığı yerə gedə bilməz, çünki günəş batmır".

Bu şübhənin izahı var. Belə ki, günəşin batdığı yer vizual olaraq qərbdir, yəni günəş qərbdə batır. Sadəcə olaraq ayənin mənasında Zülqarneynə qərb torpaqlarına getməyin nəsib olması qeyd edilir. Kəhf surəsinin 86-cı ayəsində deyilir: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. O, çeşmənin yanında (Allahı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”

Bu ayədə “günəş palçıqlı suda batır” deyə qəti bir ifadə, hökm və ya iddia yoxdur. Ayədəki dəqiq ifadə “Zülqərneyn günəşi palçıqlı suda batarkən gördü” kimidir. Yəni ki, burada günəşin batışı Zülqərneynin gözləri ilə bədii şəkildə təsvir olunur. Bundan başqa ərəb dilində suda batmaq “ğarq” və günəşin batması “ğarb” fərqli sözlərlə ifadə edilir. Əgər ateistlərin iddia etdikləri kimi, ayədə günəşin bir palçıqlı suda batdığı nəzərdə tutulmuş olsaydı, onda ayədə “ğarq” sözü işlədilməli idi. Halbuki, günəşin batması üçün “ğarb” feli istifadə edilmişdir (Kəhf, 86). Bu da nəzərdə tutulan mənanın nə olduğunu açıqlayır.

Buradan anlaşıldığı kimi həmin ayədə günəşin palçıqlı suda batdığı deyilmir. Sadəcə olaraq günəşin batışı anı Zülqərneynin gözü ilə bədii formada ifadə edilir. Əslində bu “vizual təsvir” şəklində istifadə edilən bir termindir. İndinin özündə belə elmi məqalələrdə meteoroloqlar da “günəşin doğması və ya batması” kimi bədii ifadələr işlədirlər.

Quranda “ğarb” sözü istifadə edilib və “günəşin batdığı yer” deyilməsi insanların müşahidələrinə istinadən qeyd edilmişdir. Quranda suda batmaqdan bəhs edildiyi zaman isə Fironun suda boğulması (əl-Bəqərə, 50) nümunəsində olduğu kimi “ğarq” sözü istifadə edilir.

Əslində bu cür ifadələrdən həm bizim dildə, həm də başqa dillərdə də istifadə olunur. Məsələn, azərbaycan dilində suda batmağa "qərq oldu", günəşin batan vaxtına isə "qürub vaxtı" deyilir. Ərəb dilində olduğu kimi ingilis dilində də suda batmaq və günəşin batmasını ifadə edərkən fərqli fellərdən istifadə edilir. Belə ki, ingiliscə suda batmaq üçün “drown” yaxud “sink” feilləri işlədildiyi halda günəşin batması üçün “set” feilindən istifadə olunur. Digər dillərdə də bu fərq var.

Ayədə “günəş palçıqlı suda batır” demir, Zülqarneynin gözü elə “palçıqlı suda batarkən gördü” deyir. Biz də günəşin doğduğu zamanı izlədikdə “günəş dənizdən çıxır” deyirik və bu günəşin dənizin içindən çıxması kimi başa düşülmür. Bu, həmçinin “Quran nəyə görə ərəbcə endirilmişdir” iddiasının da açıqlamasıdır, çünkü Quran ərəbcə daha doğru və dəqiq anlaşılır.
 

Teqlər: 
Paylaş: