Dünyanın düz olması iddiası doğrudurmu?

    20.07.2022
Kimdən: 
Natavan
Sual: 
əs-Sələmu aleykum. Dunyanın düz olamsı iddiası nə qədər düzgündür? Məgər yer yumru deyil?
Cavab: 

Va aleykum Salam. Bir çox alimlər hələ elm və texnologiya çox inkişaf etmədiyi dövrlərdə dünyanın kürə şəklində olmasında İslam alimləri arasında yekdil rəyin olduğunu nəql etmişlər. İbn Teymiyyə (Allah ona rəhmət etsin) Əbul-Hüseyn Əhməd ibn Cəfər əl-Munədinin belə dediyini nəql etmişdir: "Səmanın kürə şəklində olmasında alimlər arasında heç bir fikir ayrılığı yoxdur". Həmçinin demişdir: "Yer, üzərində olan quru və dəniz sahələri ilə birlikdə kürə şəklindədir. Buna dəlil budur ki, Günəş, Ay və ulduqların çıxması və batmasını eyni vaxtda yer üzünün hər yerindən müşahidə etmək olmur. Gündoğanda günbatandan daha tez müşahidə olunur" (Məcmu əl-Fətava, 25/195). Yerin kürə şəklində olmasına dəlalət edən ayələrdən biri də budur: "O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, ge­cə­ni gün­düzə bürü­yür, gün­düzü də gecəyə bürüyür. O, Günəşi və Ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxta­dək hərəkət edər. O, Qüdrət­lidir, Bağışlayandır" (əz-Zumər, 5). Bir çox alimlər (İbn Həzm və başqaları) bu ayəyə əsaslanaraq yerin kürə şəklində olduğunu demişlər. Şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir: "Quran ayələri, reallıq və alimlərin sözləri dəlalət edir ki, yer kürə şəklindədir. Quran ayələrindən bu ayə dəlalət edir: "O, ge­cə­ni gün­düzə bürü­yür, gün­düzü də gecəyə bürüyür". Ayədə keçən "bürümək" feili "dolamaq, sarımaq" mənasındadır. Necə ki, əmmaməni başa sarıyırsan. Bildiyimiz kimi gecə və gündüz biri-birlərini təqib edərlər. Gecə və gündüz yerin ətrafına sarılırlar. Bu isə yerin kürə şəklində olmasından irəli gəlir. Həmçinin reallıq da buna dəlalət edir. Məsələn, əgər bir nəfər Ciddə şəhərindən düz xətt boyunca qərb istiqamətinə təyyarə ilə uşarsa, Ciddə şəhərinə şərq tərəfindən daxil olar. Bunda ixtilaf yoxdur". Həmçinin böyük təfsir alimi İbn Kəsir (700-774 hicri / 1300-1372 miladi) özünün "Əzəmətli Quranın Təfsiri" kitabında yerin kürə şəklində olduğunu bir neçə yerdə qeyd etmişdir. Məsələn, Ali-İmran surəsinin 130-136-cı ayələrin təfsirində demişdir: "Gündüz yer üzünün bir tərəfini işıqlandırdıqda yer üzünün digər tərəfində gecə olur". Böyük alim Əhməd Şakir İbn Kəsirin bu sözünə şərh verərək demişdir: "Bu dəlildir ki, yerin kürə şəklində olması Qərb alimlərindən əvvəl İslam alimlərinə məlum idi. Bu da İslam alimlərinə tən edərək onların elmsiz olduqlarını iddia edənlərə cavabdır".

Teqlər: 
Paylaş: