Cənnətə düşən Cəhənnəmdə olan qohumunu görə biləcəkmi?
Va aleykum Salam. Uca Allahın istəyi ilə bu baş verə bilər, çünki Uca Allah Quranda Cənnətə düşmüş mömin bir bəndənin belə dediyin xatırladır: “Onlardan biri deyəcək: “Mənim bir tanışım var idi. O deyirdi: “Sən də inananlardansan? Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!” O sözünə davam edib deyəcək: “Siz onun harada olduğunu görmək istəyirsinizmi? O boylanıb tanışını Cəhənnəmin ortasında görəcək və deyəcək: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin. Əgər Rəbbimin lütfü olmasaydı, mən də Cəhənnəmə gətirilənlərdən olardım”. (əs-Saffat, 51-57). Bunun hikməti budur ki, Cənnət əhli Cəhənnəm əhlini görüb içində olduqları nemətə görə sevincləri artsın, Cəhənnəm əhlinin isə həsrəti artsın. Uca Allah başqa bir ayədə belə buyurur: "Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların (hər iki dəstənin) arasında bir carçı səslənib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!" (əl-Əraf, 44).