Xəstəliyi söymək olarmı?
Va aleykum Salam. Ümumiyyətlə xəstəliklər Uca Allahın qədəri ilə baş verir və bu xəstəlikləri söymək Uca Allahın qədərinə qarşı çıxmaqdır. Bəzi alimlər bildirmişlər ki, Uca Allahın göndərdiyi xəstəliyi söymək bu xəstəliyi göndərəni söymək kimidir. Odur ki xəstəliyi söyən tövbə etməlidir.
Xəstəliklər insanı günahlardan təmizləyir və insanın Allah qatındakı dərəcəsini ucaldır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Həqiqətən, müsəlman qul xəstələndikdə Allah mələklərinə belə vəhy edir: “Ey mələklərim! Mən qulumu iplərimdən biri ilə bağladım. Əgər onun ruhunu alsam, onu bağışlayaram. Yox əgər onu sağaltsam, günahlarından təmizlənmiş olar!” (əl-Beyhəqi “Şuabul-İman” 9923). Həmçinin demişdir: “Allah müsəlman bir qulunu bədənində olan bir bəla ilə sınağa çəkdikdə, mələyə belə buyurar: “Qulumun sağlam ikən etdiyi yaxşı əməlləri yaz!” Ona şəfa verərsə, bu bəla ilə günahlarını yuyar və onu təmizləyər. Canını aldıqda isə onu bağışlayar və rəhm edər“. (Əhməd, 13712, 13738).
Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstəliyi söyməyi və lənətləməyi qadağan etmişdir. Cabir (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Ummu Saib adlı (xəstə) bir qadına baş çəkdi. Qadın titrəyirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) soruşdu: "Sənə nə olub?" O dedi: "Qızdırmam var. Allah onu zəlil etsin!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Sus, onu söymə! Çünki bu (xəstəlik), körük dəmirin pasını apardığı kimi, möminin günahlarını silib aparır". (Muslim, 2575).