Allah üçün sevmək nə deməkdir?
Va aleykum Salam. Allah üçün sevmək və Allah üçün nifrət etmək imanın ən yüksək mərtəbəsidir. Əbu Umamə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: "Kim Allah üçün sevərsə, Allah üçün nifrət edərsə, Allah üçün verərsə və Allah üçün imtina edərsə, artıq imanını kamilləşdirmiş olar" (Əbu Davud, 4681). Allah üçün sevmək dedikdə, bir insanı Allaha itaətinə görə, Allahın onu sevməyi buyurduğuna görə sevməkdir. Bu sevgi təbii sevgidən fərqlənir. Təbii sevgidə insan qarşı tərəfi hansısa xüsusiyyətinə görə - gözəlliyinə, səxavətinə, malına, mülkünə və s. bu kimi şeylərə görə sevir. Bu xüsusiyyətlər qarşı tərəfdə tükəndikdən sonra isə təbii sevgi bitir. Allah üçün sevgi isə qarşı tərəfi Allaha imanına görə, Allahı sevdiyinə görə sevməkdir. Həmçinin Allah üçün nifrət də belədir. Qarşı tərəf Allaha asi olduğuna görə ona nifrət etməkdir.