Sa'd ibn Muaz barədə qısa məlumat

    04.05.2022
Kimdən: 
Nəzifə
Sual: 
Əssəlamu əleykum, Sad ibn Muazın həyatını öyrənmək istəyirəm . Paylaşa bilersiz ?
Cavab: 
Va aleykum Salam. Sa'd ibn Muaz (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məş­hur səhabəsidir. Eus qəbiləsinin başçısı idi. Mühacirlər arasında Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) necə bir hörmətə sahib idisə, Sad da ənsarlar arasında belə bir hörmətə sahib idi. Künyəsi "Əbu Amr" idi. Musab ibn Umeyrin (Allah ondan razı olsun) dəvəti ilə İs­lam dinini qəbul et­miş, sonra da öz qəbilə üzvlərinin hamısının birdən müsəlman ol­ma­­sına səbəb olmuş­dur. Fəzilətinə dair bir çox hədislər rəvayət olunmuşdur. Cabir (radıyəllahu anhu) de­mişdir: "Mən Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə dedi­yini eşit­mi­şəm: "Allahın Ərşi Səd ibn Mua­zın ölümünə görə tit­rədi" (Səhih əl-Buxari, 3803). Digər bir hədisdə Aişə  (radıyallahu anhə) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "Hər bir kəsi qəbir sıxa­caq­dır. Əgər kimsə qəbir sıxılma­sın­dan qurtulmuş olsaydı, bu, Sə'd ibn Muaz olardı” (Silsilətul-Əha­disis-Səhihə, 1695).Ənəs (Allah ondan razı olsun) de­miş­dir: "Bir dəfə Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ipək cübbə hə­diy­yə etdilər. Hal­buki o, ki­şilərə ipək geyməyi qadağan etmişdir. Camaat bu cüb­­bə­nin zərifliyinə heyran qaldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) onların təəccüblə bax­­dığını görüb dedi: “Muhəmmədin canı Əlin­də olan Allaha and ol­sun ki, Sə'd ibn Muazın Cənnət­dəki dəsmalları bundan da gözəl­dir (bundan da zərif, bundan da xeyirlidir)” (Səhih əl-Buxari, 3248). 
Sə'd ibn Muaz (radıyəllahu anhu) Xəndək döyü­şün­dən bir ay sonra 37 yaşında vəfat etmişdir. (Tarix əz-Zəhəbi, 2/327). Bu döyüşdə o, Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) önündə sinəsini sipər etmiş, bir ox onun şah damarına saplanması ilə çox qan itirmişdi. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) aldığı yaradan yatağa düşən Sa'd ibn Muazı (Allah ondan razı olsun) bir neçə dəfə ziyarət etdi. Ancaq Sa'd ibn Muaz (radıyəllahu anhu) getdikcə ağırlaşan xəstəliyi ilə axirətə yaxınlaşırdı. Onun vəfat xəbərini Cəbrail (aleyhi-s-sələm) çatdırmışdı: "Sa'd ibn Muazın (Allah ondan razı olsun) vəfatı ilə ərş lərzəyə gəldi". Allah Rəsulu (salləllahu aleyhi və səlləm) yerindən qalxıb Sa'dın evinə tələsdi. Səhabələr də Onun ardınca getdilər. Kiminin xirqəsi düşür, kiminin isə ayaqqabısı ayağından çıxırdı. Allah Rəsuluna (salləllahu aleyhi və səlləm) çatmaq mümkün olmurdu. Səhabələr "Bizi yordun, ya Rəsulullah" – dedilər. Niyə bu qədər tələsdiyini bilmirdilər. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) tələsməyinin səbəbini belə izah etdi: "Mələklər bizdən öncə yetişib Hanzala kimi Sa'dın (radıyəllahu anhu) cənazəsini də yumasından və bu şərəfdən məhrum olmaqdan qorxdum, ona görə tələsdim". Cənazə namazında Allah Rəsulu (salləllahu aleyhi və səlləm) ayaqlarının ucunda yeriyirdi. Səbəbini soruşanlara: "O qədər mələk var ki, addım atmağa yer tapmıram" - buyurdu. Səhabələr Sa'd ibn Muazın (Allah ondan razı olsun) cənazəsini aparanda "Ya Rəsulullah, biz bu qədər asan aparılan cənazə görməmişik" dedilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurdu: "Sa'dın (radıyəllahu anhu) dəfninə yetmiş min mələk endi. İndiyə qədər bu qədər izdihamla yer üzünə enməmişdilər". (əl-Buxari "Mənaqibul-Ənsar", 12; Muslim "Fədailus-Sahabə", 123, 125; ət-Tirmizi "Mənaqib", 3847; əl-Heysəmi Məc'məuz-Zəvaid", 9/308-310; İbn Əsir Usdul-Ğabə", 2/221-225; əz-Zəhəbi "Siyəru aləmin-nubələu", 1/287, 294).
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Sə'd ibn Muazın cənazəsi aparılarkən münafiqlər: “Bunun cənazəsi necə də yün­gül­dür!”– dedilər. Bu da, onun Bəni-Qureyzə barəsində verdiyi qərara görə idi. Bu söz Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yetişdikdə, o dedi: “Onun cənazəsini mələklər aparırdılar”. (Sunən ət-Tir­mi­zi, 3849).
Sə'd ibn Muaz (Allah ondan razı olsun) belə demişdir: "Üç yerdə mənə elə üç gözəl hal gəlir ki, əgər hər zaman məndə bu gözəl hallar olsaydı, mən ən yüksək dərəcələrə ucalardım. Birincisi, mən namaz qılmağa başladığım zaman fikrimdən yalnız namazla bağlı şeylər keçir. İkincisi, Rəsulullahdan (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nə vaxt bir söz eşitdimsə, bu sözün doğruluğuna şübhə etmədim. Üçüncüsü, hər dəfə cənazə mərasimində iştirak etdiyim zaman "görəsən indi buna o biri dünyada nə suallar veriləcək"- deyə düşünürəm".
Teqlər: 
Paylaş: