Nə üçün Allah bəzi insanların kafir olmasına icazə verir?

    02.11.2022
Kimdən: 
Nazilə
Sual: 
Salam aleyküm. Nəyə görə Allah kafirlərin küfr üzərində qalmalarına imkan verir və onları hidayət etmir?
Cavab: 

Va aleykum Salam. Hər kəsə öz tutduğu yolun əməli asanlaşdırılar, möminə İslam, kafirə isə küfr yolu.

Allah kafirlərlə etdiyi ədalətli münasibəti müsəlmanlarla da edir. O, heç kimə zülm etmir. İslamda cəza əməlin növünə görədir. Hidayətə layiq olmayan hidayət olunmur. Haqq yoluna yönəlməyə layiq olanı Allah hidayət edir. Uca Allah buyurur: “Doğru yolla gedənlərə gəldikdə isə, Allah onların hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 17)

Allah möminlərin doğru yol olaraq seçdikləri eyni yolda hidayətlərini, doğruluqlarını artırar. Həmçinin Allah elçilərin xəbərləri gəlmiş, sonra isə təkəbbür və inadkarlıq göstərib azmış kimsələr barəsində buyurmuşdur:

“İman gətirdikdən, Peyğəmbərin həqiqi peyğəmbər olduğuna şahid olduqdan və özlərinə aydın dəlillər gəldikdən sonra kafir olan adamları Allah necə doğru yola yönəldər? Allah zalım adamları doğru yola yönəltməz” (Ali İmran, 86). Bu o deməkdir ki, bütün qeyri müsəlmanlar özləri küfr yolunu seçirlər. Sadəcə onlar buna layiq olduqları üçün bu Allahın iradəsi və icazəsilə baş verir. Buna görə də belə bir şər Allaha nisbət olunmur. O kəslər ki, onlara haqq gəlib çatdı və İslamın haqq olduğunu dəlilləri ilə bildilər, bundan sonra bilə-bilə yollarını azdılar, Allah onlar barəsində deyir: “Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də ağrılı-acılı bir əzab çəkəcəklər” (əl-Bəqərə, 10)

Həmçinin Allah buyurmuşdur: “Allahı unudan, buna görə də Allahın onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir” (əl-Həşr, 19)

Məhz elə bu məqamda, bu dəlillərdən sonra biz bu ayəni daha yaxşı anlaya bilərik: “Allah istədiyi kimsəni belə azdırır, istədiyini də doğru yola yönəldir” (əl-Muddəssir, 31)

Ona görə də hidayət olunan hər bir kəsin mütləq şəkildə Allahın hidayəti ilə doğru yola yönəlməsi labüddür. Bu ayə də həmin mənaya dəlalət edir: “Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir” (əl-Leyl, 12). O cümlədən də, qulun hidayət üzərində sabit qalması, hidayətinin artması da Allahın qulu buna müvəffəq etməsi və qulun Allaha dua etməsilədir.

Bunun əksi isə: elə bir azdırılma yoxdur ki, onda Allahın istəyi və ədaləti olmasın. Əgər Allah insanların azmamasını istəsəydi bunu edərdi. Lakin, bu zaman ona iman etməyin heç bir dəyəri olmazdı. Eləcə də onların iradə, seçim, ixtiyar azadlığı və imtahan etməyin hikməti aradan qalxardı.

Teqlər: 
Paylaş: