Siz niyə suallara qısa, təfsilatsız və adətən dəlilsiz cavab verirsiniz?
Aleykum salam. Bu sayt İslamı sıfırdan öyrənənlər üçün nəzərdə tutulmuşdur. Bu saytda olan bütün məqalələr asanlaşdırılmış mövzular şəkildə təqdim olunmuşdur. Həmçinin, bununla yanaşı sual-cavab bölümünü ona görə açdıq ki, insanlar qısa və asan bir formada suallara cavab tapsınlar. İndiki vaxtda insanların əksəriyyəti İslam dinini sadə bir şəkildə öyrənməkdə çətinlik çəkirlər. Bu isə İslamla tanış olmaq istəyənlər üçün dini ədəbiyyatın və saytların onlar üçün əlverişsiz olduğuna görədir. Çünki dini saytların böyük əksəriyyəti dindarların özləri üçün münasib görülür. Suallara cavab verdikdə çətin başa düşülməsin deyə biz hətta dini terminlərdən belə demək olar ki, istifadə etmirik. Həmçinin, elə suallar verilir ki, biz o suallara təfsilata varmadan ötəri cavab verməyə məcburuq. Çünki Ənəs ibn Malik, Əbu Musa əl-Əşari, Muaz ibn Cəbəl və digər səhabələr (Allah ondan razı olsun) rəvayət etmişdirlər ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) tövsiyə edərək belə deyərdi: "(Dini) asanlaşdırın və çətinləşdirməyin, sevindirin və nifrət oyatmayın!" (əl-Buxari "Kitabul-İ'lm", 69; Muslim "Kİtabul-Cihad", 1732, 1734).