Cinlər insan və heyvan şəklinə girə bilərmi?
Əssələmu aleykum. Uca Allah cinlərə həm insan, həm də heyvan şəklinə düşmək bacarığı vermişdir. Bunu təsdiqləyən bir çox hədislər var. Həmçinin həyatda da bunu təsdiqləyən bir çox hadisələr olmuşdur. Aşağıdakı hədislər buna dəlalət edir:
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mədinədə bir neçə cin İslamı qəbul etmişlər. Kim evində ilan görərsə ona üç dəfə evi tərk etməyi təklif etsin. Əgər bundan sonra yenə bu ilanla qarşılaşarsa onu öldürsün, çünki o şeytandır". (Muslim, 2236).
Həmçinin başqa bir hədisdə Əbu Hureyraya (Allah ondan razı olsun) insan cildində görsənmişdir. Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdan ovuclayıb (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: "Vallahi, mən səni mütləq Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına aparacağam.” O yalvarıb: "Mən buna möhtacam, mənim külfətim var, özümün də (bu yeməyə) olduqca ehtiyacım var"– dedi, mən də onu buraxdım. Ertəsi gün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) məndən soruşdu: “Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?” Mən dedim: "Ya Rəsulallah! O (mənə) həm ehtiyaclı, həm də külfət sahibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq”. Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun): “...o yenə qayıdacaq”– deyə xəbər vermişdi. Odur ki, pusquda durub onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: "Səni hökmən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına aparacağam". O yalvarıb dedi: "Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. (Söz verirəm ki,) bir daha (bura) qayıtmayacağam". Mənim ona yazığım gəldi və mən yenə onu buraxdım. Ertəsi gün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) məndən soruşdu: “Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?” Mən dedim: "Ya Rəsulallah! O, (mənə) həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elədi. Buna görə də mənim ona yazığım gəldi və mən onu buraxdım". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq". Mən üçüncü dəfə pusquda dayanıb onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq (qabına) yığmağa başladı. Mən onu yaxalayıb dedim: "Mən səni hökmən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan". O yalvarıb dedi: "Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər". Mən: "O nə sözdür?"– deyə soruşdum. O dedi: "Yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...” (əl-Bəqərə, 255) – ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz". Mən yenə onu buraxdım. Səhəri gün Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: "Ya Rəsulallah! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun): “Nədir o?”– deyə soruşdu. Mən dedim: "O mənə söylədi ki, yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...” – ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi (bir mələk) durar və şeytan sənə yaxınlaşmaz.” Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: "Xeyr!"– deyə cavab verdikdə, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Bu, şeytan idi!” (əl-Buxari, 2311).
Bu hədislər göstərir ki, cinlər həm insan, həm də heyvan şəklini ala bilirlər. Həmçinin oxuyun: