Dinin salehlərə qoyduğu hədd

    18.02.2023

Allah üçün onları sevmək, hörmət etmək - bu da dinin salehlərə qarşı qoyduğu həddir. Həmçinin Əhli Beyti sevmək vacibdir. Onlara olan sevgi imandandır. Amma əhli-beyti sevmək dini onlar kimi yaşamaq, onların gözəl xüsusiyyətlərinə yiyələnməyə çalışmaq, Allaha ibadətdə, xeyirli əməllərdə və əxlaqda onlara oxşamaq, onların etmədiyi şeyləri dinə gətirməməklə olur. Peyğəmbəri­mizin ﷺ qadağan etdiyi halda, onlara müraciət etmək, onlardan istəmək, onlara görə özünü döymək, özünə əziyyət vermək və s. isə qadağandır və həddi aşmaqdır. Məhz sevgidə həddi aşmaları insanları salehləri ucaltma­larına, onlardan kömək istəmələrinə gətirib çıxartmışdır.
Peyğəmbər ﷺ buyurdu: “İfrata varanlar həlak oldular” və bunu üç dəfə təkrar etdi. “Xristianlar İsanı sevgidə şişirtdikləri üçün ona ilahi keyfiyyətlər verdilər. Yəhudilər isə İsa üçün “zinadan doğulan” deməklə azdılar. Orta ümmət isə bu iki əməlin ortasında orta yolu tutanlardır”. (Muslim, 2670)

Digər rəvayətlərdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Məni xristianların Məryəm oğlu İsanı tərif etdikləri kimi tərif etməyin. Mən sadəcə bir qulam, mənə “Allahın qulu və rəsulu” deyin. Məni tərif etməkdə həddi aşmayın. Məni Allahın layiq bildiyi dərəcədən artıq yüksəltməyin. Rəbbim məni necə vəsf edibsə, elə də vəsf edin”. (əl-Buxari, 3445)

“Əgər sənə desələr “Muhəmməd sabah nə olduğunu birlir”, inanma. Mən ancaq sizin kimi bir insanam. Unutduğunuz kimi unuduram. Unutduğum zaman yadıma salın”. (əl-Buxari, 3700, 4001)

Həmçinin şəhadət kəlməsinn mənası da buna dəlalət edir: “Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur və Muhəmməd Onun qulu və Rəsuludur”.
Gördüyünüz kimi əvvəlcə biz onu qul, sonra Rəsul adlandırdıq. Allaha ən sevimli olan qulları (peyğəmbər­ləri) haqqında insanların ən şərəfliləri, hör­mətliləri olduqlarını qeyd etməklə yanaşı onların bütün yaradıl­mışlar kimi Allahın qulu olduqlarını qeyd edir:

“Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!” (əl-Furqan, 1);
“O, (Məryəm oğlu İsa) ancaq nemət verdiyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir quldur”. (əz-Zuxruf, 59);
Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər,  nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərən­lərin hamısını Öz hüzuruna toplayacaqdır”. (ən-Nisa, 172);
“De ki: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram”. De ki: “Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!” (əl-Ənam, 50);
“Peyğəmbərləri onlara cavab olaraq demişdilər: “Biz də sizin kimi adi bir insanıq. Lakin Allah öz bəndələrindən dilədiyinə nemət bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik”. (İbrahim, 11);
“De ki: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!” De ki: “Məni Allahdan heç kəs qurtara bilməz və mən Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!” (əl-Cinn, 21-22);
“De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm”. (əl-Əraf, 188).

Buna görə də onları Allah buyurduğundan artıq vəsf etmək, şişirtmək olmaz. Əksinə onlar Allahın bəndələridir və onlara ibadət olunmaz. Peyğəmbərlərin və digər salehlərin kainatın idarə edilməsində və ya ibadətdə haqq sahibi olduğuna heç bir şəkildə inanmamalıyıq. Onlar, Allahın istədiyindən artıq nə özünə, nə də hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malik deyildirlər. Allah Peyğəmbərin ﷺ özünə bir zərər yetiribsə, o, özünü bundan qoruya bilməz. Əgər bəşərin ən xeyirliləri, Allahın vəhy etdiyi peyğəmbərlər özlərini qoruya bilməzlərsə, fəzilətcə aşağı olan imam, övliya və ya seyyid başqasına baş verən zərəri necə dəf edə bilər!? Uca Alla buyurur:

“Əgər Allah sənə bir zərər yetirsə (sıxıntı versə), səni Allahdan başqa heç kim qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə heç kəs Onun nemətinə maneçilik edə bilməz”. (Yunus, 107);
“De ki: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?” Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?” De ki: “Mənə təkcə Allah kifayət edər”. (əz-Zumər, 38).

Peyğəmbər ﷺ, onun əhli beyti, səhabələr və digər salehlər xoşagəlməz şeyin baş verəcəyindən qorxduqları zaman yalnız və yalnız Allaha pənah aparırdılar. Onlar heç vaxt özlərindən əvvəlki peyğəmbərlərə, əməlisa­lehlərə, qəbirlərə və ya əhli beytə xatir Allahdan heç nə istəməmişlər. Əksinə peyğəmbərlər ömürlərinin axırına kimi Allahın sözünü insanlara çatdıraraq insanları belə xurafat və zəlalətlərdəndən çəkindirmişdirlər. Peyğəmbər ﷺ və onun yolunu gedən salehlər deyə bilərdimi “biz ibadəti hamının yerinə edirik, sizin ibadət etməyinizə ehtiyac yoxdur”, “bizə xatir sizin bütün günahlarınız bağışlanacaq, sizə ruzi veriləcək, diləkləriniz həyata keçəçək, biz öldükdən sonra da bizim razılığımızı qazanmalısınız, bizi vasitəçi tutmalısınız”, “biz sizi eşidəcəyik” və s.?!

Allaha itaət ibadət etmək hər bir müsəlmana vacibdir. Bunu edən hər bir mömin, müsəlman yalnız özü üçün, öz qurtuluşu üçün edir.