İsrafil mələyin sura üfürməsi haqqında yaza bilərsinizmi?

    18.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. Qiyamet gunu İsrafilin surunu chalmasi haqqinda etrafli yaza bilersinizmi? Allah razi olsun!
Cavab: 

Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sur nurdan olan bir buynuzdur və üzərində ruhların sayı qədər dəlik vardır".
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Surun birinci üfürülməsindən ikinci üfürülməsinədək qırx keçəcək". Bəziləri Əbu Hureyrədən: "Qırx gün?" - deyə soruşdular. O cavab vermədi. Ondan: "Qırx ay?" - deyə soruşdular. Yenə cavab vermədi. "Qırx il?" - deyə soruşdular. Yenə cavab vermədi. Sonra o dedi: "(Sur ikinci dəfə üfürüldükdən) sonra Allah göydən su endirəcək və onlar (qəbirlərdən) tərəvəz kimi cücərib çıxacaqlar. İnsan öldükdən sonra onun bütün cəsədi çürüyür. Yalnız bir sümükdən – büzdümdən başqa. Qiyamət günü yaradılış məhz ondan başlayacaqdır". (əl-Buxari və Muslim).
Uca Allah buyurur: "Onlar (küçədə, bazarda) bir-biri ilə çənə-boğaz olarkən özlərini saracaq yalnız bir dəhşətli səsə (İsrafilin surunun birinci dəfə çalınmasına) bənddirlər. Artıq nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də ailələrinin yanına qayıda bilərlər! Sur (ikinci dəfə) çalınan kimi (Qiyamət günü) qəbirlərindən qalxıb sürətlə Rəbbinin hüzuruna axışacaqlar. Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən (qəbir evindən) kim qaldırdı? (Onlara belə deyiləcək:) “Bu, Rəhmanın məxluqata buyurduğu vəddir (Qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş!”. Yalnız bir dəhşətli səs qopan (İsrafilin axırıncı dəfə surunu çalan) kimi onlar hamısı (haqq-hesab üçün) qarşımızda hazır duracaqlar. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!" (Ya Sin, 49-54).
Sur haqqında Qurani Kərimin digər ayələrində belə deyilir: "Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar". (əz-Zumər, 68).
"Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O: "Ol!" - dediyi gün (hər şey) olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm (yalnız) Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, (hər şeydən) Xəbərdardır". (əl-Ənam, 73).
"O gün (Yəcuc və Məcuc tayfalarını) axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq". (əl-Kəhf, 99).
"Surun (ikinci dəfə) çalınacağı və günahkarları (qorxudan, yaxud susuzluqdan) gözləri göm-göy göyərmiş (və ya gözləri kor olmuş, üzləri qapqara qaralmış) halda məhşərə gətirəcəyimiz gün, - Onlar öz aralarında pıçıldaşıb bir-birinə: "(Dünyada) cəmi on gün qaldınız!" deyəcəklər". (Ta Hə, 102-103).
"Sur çalınacağı gün Allahın istədiklərindən (məhrəm mələklərdən, yaxud Allahın yanında həmişə diri olan şəhidlərdən) başqa, göylərdə və yerdə olanlar (bütün məxluqat) dəhşətli bir qorxuya düşər və onların hamısı Onun hüzuruna müti (zəlil) vəziyyətdə gələr". (ən-Nəml, 87).
"Sur çalınacağı gün artıq aralarında nə qohumluq (əlaqəsi) olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. (Qiyamət günü heç bir qohumluq fayda verməz, qohumlar bir-birini tanımaz; hərə öz hayında olar)". (əl-Mu'minun, 101).

Həmçinin, İsrafil mələk haqqında bu məqaləni oxuya bilərsiniz: Ən üstün mələklər

 

Paylaş: