Uşaqlar günahsız olduqları halda nə üçün ölürlər?

    16.05.2024
Kimdən: 
İsmayilov
Sual: 
Salam aleykum . Bir adam var deyirki az yaşlı uşaqlar niyə ölür . Savab və ya günah qazanmamış ölürlər . Allah onları nə üçün yaradıb və ya qiyamət günü sorğu sual olunmayacaq ? Deyirəm ki , bu Allahın qədəridir . Deyir yox ondansa o uşağı yaratmazdı . Onda onu imtahan üçün yaratmıyıb kimi sözlər deyir . Məsləhət verərdiz zəhmət olmasa
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, yaşadığımız dünya imtahan dünyasıdır və Uca Allah bizi imtahan etmək üçün yaradıb. Yaşadığımız dünya keçici həyatdır, müvəqqətidir və hər bir canlı gec-tez ölümü dadacaqdır. Uca Allah buyurur: "Əməl baxımından hansı­nızın daha yaxşı olduğunuzu sı­na­maq üçün ölümü və hə­ya­tı yaradan Odur. O, Qüdrət­li­dir, Ba­ğış­la­yan­dır" (əl-Mulk, 2). Ölüm bizə ağır gəlsə də, əslində bir həyatdan digərinə keçiddir. Uca Allah buyurur: "Hər kəs ölümü dada­caq­. Biz sizi sınamaq üçün şər və xe­yir­lə imta­ha­na çəkirik. Siz ancaq Bizə qaytarılacaq­sı­nız!" (əl-Ənbiya, 35). Bu dünyaya gələn hər bir insanın müəyyən bir əcəli vardır və bu əcəl gəldikdə nə bir saniyə gecikər, nə də tezləşər. Uca Allah buyurur: "Hər ümmətin bir əcəli var­dır. On­ların əcəli gəldiyi za­man bir­cə saat belə nə yuba­nar, nə də qabağa keçə bi­lərlər" (əl-Əraf, 34). 

Digər tərəfdən diqqət etsək günahsız uşaqların və insanların həyatlarını itirdikləri müharibələr və xəstəliklər biz insanların etdikləri əməlləridir. Halbuki Uca Allah bizi bu əməllərdən çəkindirmişdir. Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar" (ər-Rum, 41). İnsanların etdikləri günahlara görə Uca Allah bəlalar göndərir. Bəla gəldikdə isə bütün insanları bürüyər. Uca Allah buyurur: "Elə bir bəladan qorxun ki, o, siz­lərdən təkcə zalım olan­lara üz verməz (hamınızı bürü­yər). Bilin ki, Allah şid­dətli cəza ve­rən­dir" (əl-Ənfal, 25). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Ümmətim arasında günah işlər artdığı zaman Allah onların hamısına Öz tərəfindən əzab göndərər”. Mən dedim: “Ey Allahın Elçisi! Məgər o gün onların arasında əməlisaleh insanlar olmayacaqmı?” Peyğəmbər dedi: “Əlbəttə ki, olacaq”. Mən dedim: “Bəs onların aqibəti necə olacaq?” Peyğəmbər dedi: “Hamıya gələn əzab onları da bürüyəcək. Sonra əməlisaleh insanlar Allahın mərhəmətinə və rizasına qovuşacaqlar” (Əhməd (6/304). Həmçinin oxuyun:

Allah bizi niyə yaradıb, dünyada pislik olmasa olmazdımı?

Əqli qüsurlu insanlar Qiyamət günü imtahan olunacaqlarmı?

İnsanların çoxu Cəhənnəmə gedəcəksə, Allah onları niyə yaradıb?

Teqlər: 
Paylaş: