Qadın xəyalında başqasını fikirləşərsə, günah etmiş olarmı?
Aleykum salam. Uca Allah insana fikirlərində azadlıq vermişdir. İslam alimləri deyirlər ki, əgər insan mümkün olmayan günahları xəyalına gətirirsə, buna görə günah qazanmır. Məsələn, insan xəyalında bank yarmağı fikirləşir, lakin onun bunu etmək niyyəti yoxdur. İslam alimləri bu halda həmin insanın günah qazanmayacağını söyləyirlər. Lakin əgər günah fikirlər əmələ yol açırsa, bu halda həmin insan günah qazanır. Belə fikirlərdən hər bir insan çəkinməyə çalışmalıdır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Uca Allah: "Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir". (əl-Bəqərə, 284) - ayəsini Allah Elçisinə (salləllahu aleyhi və səlləm) nazil etdikdən sonra onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib diz üstə oturdular və dedilər: "Ey Allahin Elçisi! Biz bacardığımızı - namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədəqə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır". Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Sizdən əvvəlki Kitab əhli kimi (yəhudi və xristianlar): "Eşitdik və asi olduq!" - demək istəyirsiniz?" Xeyr, deyin: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!" Onlar bunu dedikdən sonra Uca Allah bu ayəni nazil etdi: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!" (əl-Bəqərə, 285). Onlar bunu dedikdə Uca Allah ayəni nəsx (hökmünü ləğv) etdi və Allah bu ayəni endirdi: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir". Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 286). Möminlər bu ayəni oxuduqda, hər dəfə: "Ey Rəbbimiz!..." - deyə dua edib Allaha xitab etdikdə, O: "İstədiyinizi sizə verdim!" - deyə cavab verir". (Muslim, 125).