Musa peyğəmbərin hekayəsi
Uca Allah buyurur: “Bu, açıq-aydın Kitabın ayələridir. Biz sənə, iman gətirən insanlar üçün, Musa ilə Fironun əhvalatını olduğu kimi oxuyacağıq.
Fironun özbaşınalığı
Həqiqətən, Firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. Firon onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək, yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək.
Biz Musanın anasına: "Onu əmizdir. Ondan ötrü qorxduqda isə onu çaya at. Qorxma və kədərlənmə. Çünki Biz onu sənə qaytaracaq və onu elçilərimizdən biri edəcəyik"– deyə təlqin etdik. Fironun ailəsi onu tapıb götürdülər ki, axırda onlara düşmən və başlarına bəla olsun. Həqiqətən, Firon, Haman və onların əsgərləri günahkar idilər.
Fironun zövcəsi dedi: "Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır. Onu öldürməyin. Ola bilsin ki, o bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik". Onlar bu işin sonunu bilmirdilər.
Musanın anasının ürəyi boş qalmışdı (övlad dərdindən başqa heç bir şey haqda düşünmürdü). Əgər Biz, vədimizə inananlardan olsun deyə, onun qəlbinə səbir verməsəydik, az qala gördüyü işi açıb bildirəcəkdi. Anası onun bacısına: "Onun dalınca get!"– dedi. O da heç kimə hiss etdirmədən kənardan Musaya göz qoyurdu. Daha öncə Biz ona öz anasından başqa bütün süd analarını (onların döşünü əmməyi) qadağan etmişdik. Musanın bacısı dedi: "Sizin üçün onun qayğısına qalacaq və ona qarşı xeyirxah olacaq bir ailəni sizə göstərimmi?" Beləliklə, Biz onu öz anasına qaytardıq ki, gözü aydın olsun, kədərlənməsin və Allahın vədinin haqq olduğunu bilsin. Lakin onların çoxu bunu bilmir. Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hikmət və elm bəxş etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq.
Musanın törətdiyi xəta
(Bir gün) o, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: "Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!"– dedi.
Musa dedi: "Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!" O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir.
Musa dedi: "Ey Rəbbim! Mənə nemət bəxş etdiyin üçün mən heç vaxt günahkarlara arxa olmayacağam!"
Səhəri gün qorxu içində ətrafa göz qoya-qoya şəhərə çıxdı. Birdən dünən onu köməyə çağıran kəs yenə fəryad qoparıb onu köməyə çağırdı.
Musa ona: "Sən, doğrudan da, açıq-aşkar yolunu azmışın birisən!"– dedi.
Musa ikisinin də düşməni olan kəsi (misirlini) yaxalamaq istədikdə o dedi: "Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürməkmi istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən".
Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: "Ey Musa! Zadəganlar səni öldürmək barəsində məşvərət edirlər. Çıx get! İnan ki, mən sənin yaxşılığını istəyənlərdənəm!"
Musa qorxu içində ətrafa baxa-baxa oradan çıxıb: "Ey Rəbbim! Məni zalım adamların əlindən qurtar!"– dedi. O, Mədyən tərəfə yollanıb: "Ola bilsin ki, Rəbbim mənə doğru yolu göstərsin!"– dedi.
Musanın Mədyənə gəlməsi
O, Mədyən sulağına gəlib çatanda quyunun yanında heyvanlarına su verən adamlar gördü. Onların yaxınlığında da qoyunlarını o biri heyvanlardan geri çəkən iki qız görüb: "Sizə nə olub?"– dedi.
Onlar dedilər: "Çobanlar heyvanlarını sürüb aparmamış biz qoyunlarımıza su verə bilmirik. Atamız da çox qocadır".
Musa onların yerinə qoyunlara su verdi, sonra da kölgəyə çəkilib dedi: "Ey Rəbbim! Sənin mənə nazil edəcəyin xeyrə ehtiyacım var!"
Bir qədər sonra qızlardan biri utana-utana onun yanına gəlib dedi: "Atam bizim yerimizə qoyunları sulamağının haqqını ödəməkdən ötrü səni çağırır".
Musa onun yanına gəlib başına gələn əhvalatı ona danışdıqda o dedi: "Qorxma! Sən zalım adamların əlindən xilas olmusan!"
Qızlardan biri dedi: "Atacan! Onu muzdla işə götür, çünki o, muzdla işə götürdüklərinin ən yaxşısı, güclü və etibarlı olanıdır".
Şueyb dedi: "Səkkiz il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən bu müddəti on ilə çatdırsan, bu, sənin tərəfindən bir lütf olar. Mən sənə əziyyət vermək istəmirəm. Allah qoysa mənim əməlisalehlərdən olduğumu görəcəksən".
Musa dedi: "Bu, ikimizin arasında olan razılıqdır. Bu iki müddətdən hansını başa çatdırsam, mənə qarşı haqsızlıq olmamalıdır. Allah da dediyimizə şahiddir!"
Musaya peyğəmbərliyin verilməsi
Musa müddətini başa vurub ailəsi ilə birlikdə yola çıxdığı zaman dağın yanında bir od gördü və ailəsinə dedi: "Dayanın! Mən bir od gördüm. Mən ondan sizə bir xəbər və ya bir köz gətirərəm ki, qızınasınız".
Musa oraya gəlib çatdıqda sağ tərəfindəki vadinin yaxınlığında olan mübarək yerdəki ağac tərəfdən ona nida gəldi: "Ey Musa! Aləmlərin Rəbbi olan Allah Mənəm! Əsanı yerə at!"
Musa onun ilan kimi qıvrıldığını görüb, geriyə belə baxmadan dönüb qaçmağa başladı.
Allah dedi: "Ey Musa! Yaxın gəl, qorxma! Sən əmin-amanlıqda olanlardansan! Əlini qoynuna sal ki, əlin oradan ləkəsiz, ağappaq çıxsın. Qorxu keçib getsin deyə əlini özünə sıx. Bu, Firona və onun əyanlarına qarşı sənin Rəbbindən olan iki tutarlı dəlildir. Həqiqətən, onlar fasiq adamlardır".
Musa dedi: "Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr. Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacaqlarından qorxuram".
Allah dedi: "Biz səni qardaşınla qüvvətləndirəcək, ikinizə də dəlil verəcəyik. Onlar sizə heç bir pislik toxundura bilməyəcəklər. Möcüzələrimiz sayəsində siz və sizə tabe olanlar mütləq qalib gələcəksiniz".
Musanın Fironla görüşməsi
Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: "Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik"– dedilər.
Musa dedi: "Rəbbim Öz tərəfindən kimin doğru yolu göstərən rəhbər gətirdiyini və Axirət yurdunun kimə nəsib olacağını daha yaxşı bilir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!"
Firon dedi: "Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın tanrısının yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.
Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar. Biz də onu və onun əsgərlərini tutub dənizə atdıq. Bax gör zalımların aqibəti necə oldu. Biz onları oda çağıran rəhbərlər etdik. Qiyamət günü onlara kömək edilməyəcəkdir. Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar Allahın rəhmətindən qovulmuş kimsələrdən olacaqlar. Biz əvvəlki nəsilləri məhv etdikdən sonra Musaya insanlar üçün açıq-aydın dəlillər, doğru yolu göstəricisi və rəhmət olaraq Kitab verdik ki, bəlkə, düşünüb ibrət alsınlar” (əl-Qasas, 2-43).