Təvəssül barədə bəzi firqələrin gətirdiyi "Kor kişinin hədisi"nə cavab nədir?
Və aleykum Salam və Rahmətullahi və Bərakətuhu. Sualda qeyd etdiyiniz hədisin tam mətni belədir:
Osman ibn Hənif (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə bir kor kişi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın Elçisi! Allaha dua et ki, mənə şəfa versin (gözlərimi açsın)". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "İstəsən, sənin üçün dua edərəm, istəsən, onu kecikdirərəm (Qiyamət günü savaba nail olarsan). Bu sənin üçün daha xeyirli olar". Başqa bir rəvayətdə belə deyilir: "İstəyirsən, səbir elə və bu sənin üçün daha xeyirlidir". Kişi dedi: "Dua et!". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kişiyə gözəl şəkildə dəstəmaz almağı, iki rükət namaz qılmağı və bu duanı etməyi əmr etdi: "Allahım! Mən Sənə mərhəmət Peyğəmbəri olan Məhəmmədin vasitəsilə üz tutub dua edirəm. Ey Məhəmməd, mən bu ehtiyacıma görə sənin vasitənlə Rəbbimə üz tutdum. İstəyimi yerinə yetir! Allahım, onu mənim üçün vasitəçi et, məni də onun üçün vasitəçi et!” Kişi bunları etdi və sağaldı (gözləri açıldı)". (Musnəd, 4/138; ət-Tirmizi, 4/281-282; İbn Məcə, 1/418).
Bəzi firqələr bu hədisə istinad edib Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) və ya başqa əməlisaleh insanların özləri vasitəsilə təvəssülün icazəli olduğunu iddia edirlər. Onların sözünə görə hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kor kişiyə onun vasitəsilə təvəssül etməyi öyrətmiş, kor kişi bunu etmiş və nəticədə gözləri açılmışdır. Şübhənin cavabı belədir:
Hədisə diqqət etsək orada dediklərimizi təsdiqləyən çoxsaylı sübutlar görərik. Bu sübutların bəzilərini qeyd edək:
Birincisi: Kor kişi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına ondan Allaha dua etməsi üçün gəlmişdi. O demişdir: "Ey Allahın Elçisi! Allaha dua et ki, mənə şəfa versin (gözlərimi açsın)". Kor kişi Allaha Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) özü və ya hörməti ilə deyil, onun duası vasitəsilə təvəssül etmişdir. Çünki o bilirdi ki, Peyğəbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) duası Allah dərgahında qəbuldur və başqasının duasından fərqlənir. Əgər kor kişi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zatı, hörməti, onun qüdrəti və ya haqqı ilə təvəssül etsəydi, onda heç Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib özü üçün dua istəməyə ehtiyacı olmazdı. O öz evində oturub Rəbbinə dua edərək: "Allahım! Mən Peyğəmbərin Sənin dərgahında hörməti ilə Sənə yalvarıram. Mənə şəfa ver! Gözlərimi aç!"- deyərdi. Lakin o bunu etmədi. Nə üçün? Çünki o Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına onun duası ilə təvəssül etmək məqsədilə gəlmişdi.
İkincisi: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onu üçün dua edəcəyini vəd etməklə yanaşı nəyin daha yaxşı olduğunu da göstərib demişdir: "İstəsən, sənin üçün dua edərəm, istəsən, onu kecikdirərəm (Qiyamət günü savaba nail olarsan). Bu sənin üçün daha xeyirli olar". Başqa bir rəvayətdə belə deyilir: "İstəyirsən, səbir elə və bu sənin üçün daha xeyirlidir". Belə ki, bir qüdsi hədisdə belə deyilir: "Uca Allah buyurmuşdur: “Əgər Mən Öz qulumu onun sevdiyi iki şeylə (gözləri ilə) imtahana çəksəm, bunun əvəzində ona Cənnət bəxş edərəm”. (əl-Buxari, 5653).
Üçüncüsü: Kor kişinin israrla "dua et" deməsi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun üçün dua etməsini göstərir, çünki Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz vədinə ən sədaqətli insandır! O, kor kişiyə, "İstəsən, sənin üçün dua edərəm" deyərək vəd etmişdi. Yuxarıda göstərildiyi kimi kişi bunu istədi və israrla tələb etdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) də onun üçün dua etdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uca Allahın kor kişinin öz duasını qəbul edəcəyi ümidi ilə onu təvəssülün başqa növünə – əməlisaleh insanın öz duası vasitəsilə təvəssül etməyə yönəltdi. Hər tərəfdən ona xeyrin gəlməsini təmin etmək üçün ona dəstəmaz almağı, iki rükət namaz qılmağı və sonra özü üçün dua etməyi əmr etdi. Bu əməllər Uca Allaha itaətdir və bu saleh əməllərin Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) duasından əvvəl edilməsi duanın qəbul olunmasına səbəbdir.
Beləliklə, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kor kişiyə vəd etdiyi dua ilə kifayətlənməyib onun özünü də Uca Allaha itaətə sövq etmişdir ki, bu, Uca Allahın rizasını qazanmağa daha çox layiq olsun. Buna görə də, hadisə bütünlüklə, göründüyü kimi, dua məsələsi ətrafında cərəyan edir.
Dördüncüsü: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kor kişiyə belə dua etməyi buyurmuşdur: "Allahım, onu mənim üçün vasitəçi et, ...” (Bu cümlə İmam Əhmədin rəvayətində də vardır. Həmçinin onu əl-Hakim və başqaları da rəvayət etmişlər). Bu cümlənin mənası belədir: "Allahım! Peyğəmbərin mənim üçün vasitəçiliyini qəbul et!" Yəni onun mənim gözlərimin açılması barədə duasını qəbul et. Vasitəçiliyin lüğəvi və şəri mənası duadır. Bununla da aydın olur ki, kor kişi Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zatı ilə deyil, duası ilə təvəssül etmişdir.
Beşincisi: Hədisin əməlisaleh insanların özü ilə təvəssül etməyin icazəli olduğuna dəlalət etdiyini iddia edənlər hədisin "Allahım, onu mənim üçün vasitəçi et!" hissəsini qeyd edir, lakin "Məni də onun üçün vasitəçi et!" hissəsini qeyd etmirlər. Halbuki, hədis bu formadadır: "Allahım, onu mənim üçün vasitəçi et, məni də onun üçün vasitəçi et!” Çünki bu cümlə onların iddialarını boşa çıxarır. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kor kişi üçün vasitəçiliyi başa düşülür. Bəs kor kişi Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) üçün necə vasitəçi ola bilər?! Deməli, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) kor kişinin gözlərinin açılması üçün, kor kişi də Peyğəmbərin duasının qəbul olması üçün Allaha dua etmiş və beləcə öz zatları, hörmətləri ilə deyil, məhz duaları ilə bir-birlərinə vasitəçilik etmişlər.