Əsəbi halda adam öldürməyin cəzası nədir?
Əssələmu aleykum. İnsan günahkar olsa belə, onu öldürmək ən böyük günahlardan biridir. Uca Allah bu xüsusda buyurur: "Kim bir mömini qəsdən öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəm olar. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar". (ən-Nisa, 93). Böyük təfsir alimi İbn Kəsir bu ayənin şərh edərək belə demişdir:
"Bu böyük günahı işləyən üçün bu ayə, şiddətli təhdid və qüvvətli qorxutmadır. Allahın Kitabında bir çox ayələrdə bu günah, Allaha şərik qoşmaq ilə birlikdə zikr edilmişdir. Uca Allah "əl-Furqan" surəsində buyurur: “Onlar Allahla yanaşı başqa məbuda yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar” (“əl-Furqan”, 68). Başqa bir ayədə isə buyurur: “De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Şəriətin icazə verdiyi hallar (cana-can, evli zinakar kimi) istisna olmaqla, Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız” (“əl-Ənam”, 151).
İnsan öldürməyin haram olmasına dair hədislər olduqca çoxdur. Bunlardan biri əl-Buxari və Muslimin "Səhih" əsərlərində İbn Məsuddan (Allah ondan razı olsun) rəvayət edilən bu hədisdir: "Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Qiyamət günü insanlar arasında ilk olaraq qan davalarına görə hökm veriləcək". (əl-Buxari, 6052, 6533; Muslim, 1678). Əbu Davudun Ubədə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət etdiyi bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mömin, haram olan bir qanı tökmədiyi müddətcə Allaha itaətdə sürətlə irəliləyən əməlisaleh insan olar. Haram olan qanı tökdükdə isə yorular, geriləyər”. (Əbu Davud, 4270). Başqa bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Allah qatında dünyanın yox olması, bir müsəlmanın öldürülməsindən daha yüngüldür”. (ən-Nəsəi “Sunən” 3922, 3987, 4004; ət-Tirmizi, 1395, 1455).
Həmçinin oxuyun: