Zikr nədir?
Aleykum salam. Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaq deməkdir. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allah Təalanı xatırlamaqdır. Uca Allah Musa peyğəmbərə belə buyurur: "Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!" (Ta ha, 14).
Həmçinin, Uca Allah insanlar üçün xüsusi sözləri öyrətmişdir ki, insanlar onları söyləməklə Allahı yad etsinlər. Peyğəmbər demişdir: “Allah kəlmələrdən dördünü seçdi: “Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”. Kim “Subhənəllah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Allahu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə iləhə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-aləmin)”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər”.
Həmçinin, Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri haqqında düşünmək də Uca Allahı zikr etmək sayılır. Həmçinin, müəyyən vaxta və hala görə edilən zikrlər vardır. Məsələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm) yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır.