Əshabi-kəhf kimlərdir?
Əshabi-kəhf (Mağara əhli) – qədim dövrdə bütpərəst qövmlərindən qaçaraq mağaraya sığınmış gənc oğlanlardır. Allah onlara ilham verərək doğru yola yönəltmiş, onlar da Allahın təkliyini etiraf etmiş və Ona iman gətirmişdilər. Onlar mağarada yuxuya gedərək üç yüz il qaldılar. Rəvayət edilir ki, bir gün Məkkə müşrikləri Peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yoxlamaq məqsədi ilə bir neçə adamı Kitab əhlinin (yəhudi və xristianların) yanına göndərib ona sual vermələrini istədilər. Onlar dedilər: "Ondan dünyanı gəzib dolaşan adam, nə edəcəklərini bilməyən gənclər (yəni əshabi-kəhf) və ruh haqqında soruşun". Bu səbəbə görə də əl-Kəhf surəsi nazil oldu. Uca Allah onlar haqqında buyurur:
“Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? (Rəqim əhli Əshabi-kəhf haqqındakı əhvalatı daş lövhəyə yazıb mağaranın girişindən asan adamlardır).
Bir zaman gənclər mağaraya sığınıb: "Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!"– demişdilər.
Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik).
Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onlar kafir hökmdarın qarşısında durub: "Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa bir tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!"– deyərkən onların qəlbinə qüvvət verdik.
Cavanlardan biri o birilərinə dedi: "Bizim bu xalqımız Allahdan başqa tanrılar qəbul etdi. Bəs nə üçün onlar buna aid (bütlərə dair) bir dəlil gətirmədilər? Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?!
Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.
Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını, onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı. Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.
Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: "Burada nə qədər qaldınız?"– dedi. Bəziləri: "Bir gün yaxud günün bir hissəsi qədər qaldıq"– dedilər.
Digərləri də dedilər: "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın! Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz heç vaxt nicat tapa bilməzsiniz!"
Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o (Qiyamət) Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: "Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!"– dedilər. Mübahisədə üstün gələnlər isə: "Onların üstündə mütləq bir məscid tikəcəyik!"– dedilər.
Bəziləri: "Onlar üçdür, dördüncüsü köpəkləridir!"– deyəcəklər.
Digərləri isə "Onlar beşdir, altıncısı köpəkləridir!"– deyəcəklər. Bununla da qeyb haqqında təxmini fikir yürüdəcəklər.
Bəziləri də: "Onlar yeddidir, səkkizincisi köpəkləridir!"– deyəcəklər.
De: "Onların sayını Rəbbim daha yaxşı bilir. İnsanlardan bunu bilən çox azdır!" Mağara əhli barədə açıq mübahisə et (ayələrə əsaslan) və kitab əhlinin heç birindən onlar barədə bir şey soruşma! Heç bir şey barəsində: "Mən onu sabah edəcəyəm!"– demə! Ancaq: "Əgər Allah istəsə!" ("inşallah"- de!) Unutduğun zaman Rəbbini yada salıb: "Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin"– de. Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar.
De: "Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!" (əl-Kəhf, 9-26).