Qeybət edənin savabları qeybəti edilən insana yazılırmı?

    22.05.2014
Kimdən: 
Məryəm
Sual: 
Salam aleykum. sizə bir SualIm var məsələn bir insanIn pisinə yaxsIna və danIsmaq və bir insanIn dalInca Qeybət etməyin nə dərəcədə gunahdIr və bildiyimə gorə kiminsə dalInca qeybət etmək pisinə danIsanda həmin Qeybət eliyən insanIn sabablarI yazIlir qeybət etdiyi insana sualIm sizə aydIn oldusa bu haqda cavab yazIn Allah sizin koməyiniz olsun!
Cavab: 

Aleykuma salam. Qeybət etmək böyük günahdır. Qeybət etmək bir insan haqqında onun xoşlamadığı sözləri qeybində danışmağa deyilir. Sözsüz ki, burada insanın xoşlamadığı pis sözlərdən gedir. Amma bir insan haqqında xoş sözlər danışmaq qeybətdən sayılmır. Allah Təala qeybət haqqında belə buyurur: "Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın. Sizdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Siz ki, bundan iyrənirsiniz. Allahdan qorxun! Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir". (əl-Hucurat, 12).
Bu ayə onu göstərir ki, bir insanın qeybətini etmək onun ölmüş ətini yemək kimidir. İnsan heç vaxt ölmüş əti yemək istəməz, eləcə də müsəlman qardaş və bacısının qeybətini etməməlidir. Qeybət edən insanın savablarının qeybət edilən insana yazılması yalnız Axirətdə ola bilər. Çünki səhih hədislərdə bildirilir ki, Qiyamət günü insanın etdiyi haqsızlıqlara görə onun savabından götürüb haqqına təcavüz etdiyi insanlara veriləcək. Savabı qurtardıqda isə həmin insanların günahlarından götürüb ona yükləyəcək və Cəhənnəmə atacaqlar. 
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrindən: "Bilirsiniz müflis kimdir?" - deyə soruşdu. Onlar: "Müflis, ya Rəsulullah, nə bir dirhəmi, nə də bir malı olan kimsələrimizdir" - deyə cavab verdilər. Onda Rəsulullah (salləllahu aleyhi və səlləm) dedi: "Ümmətimin müflisləri o kəslərdir ki, onlar Qiyamət günü namazla, orucla və zəkatla, habelə birisini söymüş, birisinə böhtan atmış, birisinin malını yemiş, birisinin qanını tökmüş, birisini də vurmuş olduğu halda Allahın hüzuruna gələcək və zülm etdiyi bu adamlar ondan qisas alaraq onun savablarından götürəcəklər. Əgər ondan tam olaraq qisas alınmadan öncə savabları qurtararsa, həmin adamların günahlarından götürülüb onun günahları üzərinə əlavə edilər, sonra da bu adam Cəhənnəm oduna atılar". (ət-Tirmizi, 248). 
 

Paylaş: