Siğə haqqında

    23.12.2013
Sual: 
Salam aleykum. Siğə neche defe bağlana biler? Yeni muveqqeti nigah deyirem. Zehmet olmasa cavablandirardiz.
Cavab: 

Aleykum salam. Siğə (müvəqqəti nikah) İslama qədər ki, cahiliyyət dövrünün adətlərindən biri olmuş və Uca Allah içkini tədricən mərhələli şəkildə qadağan etdiyi kimi, Peyğəmbər (salləllahu aleyhi va səlləm) də Uca Allahın hikməti, izni və istəyilə eyni ilə bu şəkildə bir müddətdən sonra siğəni haram etmişdir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət etmişdir ki, "Xeybərin fəthi günü Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) siğəni və ev eşşəyinin ətini yeməyi haram buyurmuşdur". (əl-Buxari, 4216).

Rəvayət edilir ki: "Qureyşli bir gənc Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Ey Allahın elçisi izn ver zina edim". Səhabələr (Allah onlardan razı olsun) ona yaxınlaşıb sus-sus deyib kənara çəkdilər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Yaxın gəl!" O yaxına gəldikdə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Öz anana rəva edə bilərsənmi?" O dedi: "Allaha and  olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da öz analarına bunu rəva bilmirlər. Bunu öz qızına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da bunu öz qızlarına rəva bilməzlər. Bunu öz bacına rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da bunu öz bacıları üçün rəva bilməzlər. Bunu bibin üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" "İnsanlar da bunu öz bibiləri üçün rəva bilməzlər. Bunu öz xalan üçün rəva bilərsən?" O dedi: "Allaha and olsun ki, yox!" O (salləllahu aleyhi və səlləm) buyurdu: "İnsanlar da bunu öz xalaları üçün rəva bilməzlər". Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) əlini onun çiyninə qoyub dedi: "Allahım Onun günahlarını bağışla, qəlbini təmizlə və ismətini qoru. Bu hadisədən sonra o gənc heç vaxt zinaya meyl etmədi". (İmam Əhməd: "Musnəd", 5/256).
 

Paylaş: