İslam dini lənəti bəyənirmi?
Və aleykum Salam. İslam dini lənəti bəyənmir. Çünki İslam dini mərhəmət dinidir, lənət dini yox. İbn Ömər (Allah ondan razı olsun) rəvayət etmişdir ki, o, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sübh namazının sonuncu rükətindən qalxıb: "Səmi Allahu limən həmidəh, Rabbənə və ləkəl-həmd!" dedikdən sonra belə dua etdiyini eşitdi: "Allahım, filankəsə, filankəsə və filankəsə lənət et!" Həmin vaxt Allah bu ayəni nazil etdi: "Bu işin sənə aidiyyəti yoxdur. Allah ya onların tövbəsini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar zalımdırlar". (əl-Buxari, 4069).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub ki, "Lənət edənlər qiyamət günü şəfaətçilik və şahidlik etməyəcəklər". (Muslim).
"Ey qadınlar çoxlu sədəqə verin. Çünki mən cəhənnəmin çoxunu qadınlar olduğunu gördüm. Soruşanda ki, nəyə görə cəhənnəmin çoxu qadınlardır? Cavabında buyurdu ki, Çünki qadınlar çox lənət edir və nemətə nankorluq edirlər".
"Mömin nə tənə vuran, nə lənət oxuyan, nə ədəbsiz, nə də təhqir edən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 312).
Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbərə (salləllahu aleyhi və səlləm) "Ey Allahın Elçisi, müşriklərə bəddua edib onlara lənət et" - deyildi. Buna cavab olaraq Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) "Mən rəhmət olaraq göndərildim, lənətçi olaraq deyil" - deyə bildirdi.
Lakin buna baxmayaraq insan zülmə, haqsızlığa məruz qaldıqda bəddua edə bilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bədduanı yalnız ən çətin və çıxılmaz anlarda etmişdir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) Məkkədə ona və müsəlmanlara əziyyət edənlər haqqında: "Allahım, onları Sənə həvalə edirəm", - deyə dua etmişdir. Buna baxmayaraq, Uca Allah əziz Rəsulunun (salləllahu aleyhi və səlləm) bu qədər yumşaq dua etməsini belə istəməmişdir. Həmçinin Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: "Hər hansı bir şeyə lənət etdikdə o, göy üzünə çıxar. Səmanın qapıları ona bağlanar. Sonra yerə enər, yer üzünün qapıları ona bağlanar sonra sağa-sola boylanar. Daxil olacaq bir yer tapmadıqda lənət edilən şəxsə gedər. Əgər o bu lənətə layiqdirsə, onda qalar, deyilsə lənət edənə qayıdar". (Əbu Davud; ət-Tirmizi).
"Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Davud).