Mənə qan aldırmaq barəsində ətraflı məlumat verə bilərsinizmi?

    26.05.2014
Sual: 
As salam aleykum rahmatullahi ve barakatuh.Qardaw mene qan aldirmag barede Allah rizasi ucun melumatlandiraediniz...yani konkret qan aldirmag hansi aylarda nece aydan bir hansi gunlerde edilir?fezileti barede?hansi dualar oxunur?yani etrafli melumat...qardaw bir de eger melumatiniz varsa qan aldirmag ucun hara kime muraciet edim?Allah sizlerden razi olsun...Elminizi kamillewdirsin...
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Qan aldırmağa dinimizdə hicamə deyirlər. Hicamə sözü sovurmaq deməkdir. Şəriətdə isə bu söz Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) buyurduğu müalicə üsuludur. Digər bir hədisdə isə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) şəfanın olduğu üç şeyi sadalayarkən, qan aldırmağı da xatırlayır. (əl-Buxari).
Həmçinin, Abdullah ibn Abbas (Allah onlardan razı olsun) rəvayət edir ki, Muhəmməd (salləllahu aleyhi və səlləm) hicamə vasisətilə müalicə olunar və Əbu Tayib adlı həccamçıya (qan alana) xidmətinə görə əməkhaqqı ödəyərdi. (əl-Buxari, Muslim).
Həmçinin məlumdur ki, Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "İstifadə edə biləcəyiniz ən gözəl müalicə hicamədir". (əl-Buxari, Muslim).
Hicamə üçün tövsiyyə hicri təqvimi ilə olunan günlər:
Yenə Abdullah ibn Abbasdan (Allah onlardan razı olsun) rəvayət edilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Hicamə ilə müalicə olunmaq üçün ən yaxşı vaxt (hicri ayın) 17-si, 19-u və 21-dir".
İslam alimi İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: "Hədislərdə qeyd olunan zaman həkimlərin razı olduqları məqamla üst-üstə düşür: qan aldırmaq üçün ən yaxşı vaxt ayın ikinci yarısı sayılır və onun birinci hissəsi ayın əvvəlindən yaxud axırından daha yaxşı hesab olunur. Amma əgər hicamə zərurət olduğu üçün edilirsə, ayın əvvəli yaxud sonu olmasından asılı olmayaraq, səmərəli təsirə malikdir. Əhməd bin Hənbəl (Allah ona rəhmət etsin) hər dəfə qanı (təzyiq) yüksəldiyi zaman günündən asılı olmayaraq, hicamə etdirərdi".
İslam təbiblərinin rəyinə görə ən yaxşı hicamə çimdikdən iki yaxud üç saat sonra, nə tox, nə də acqarına edilən hicamədir.
Həkimlər də öz növbəsində ayın ikinci yarısının ilk hissəsində qan aldırmağın ayın əvvəlindən və axırından daha faydalı olduğunu bildirirlər. əl-Muvaffəq əl-Bağdədi demişdir: "Bədəndə qan ayın başında sürətlə axır və sonunda isə sakitləşir, ona görə də hicamə üçün ən yaxşı vaxt ayın ortasıdır".
Bütün bu qeyd edilənlərdən anlaşılır ki, qan aldırmaq hicri təqvimi ilə ayın 17, 19 və 21-də daha səmərəlidir. Həmçinin, hicamə edən həccamçının da təcrübəli, məşğul olduğu sahədə elmli olmağı və təmizlik qaydalarına diqqət etməyi də olduqca mühüm məsələdir.
Üçüncü, beşinci, altıncı və bazar günləri qan aldırmaq bəyənilmir. Rəvayət edilir ki, İbn Ömər (Allah ondan razı olsun) bir gün belə demişdir: "Ey Nafi, qanım qaynayır, mənim üçün qan alan tap və imkan varsa, onu mənim üçün yoldaş seç. Onu nə yaşlı qoca, nə də balaca uşaq arasından seçmə, çünki mən Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Acqarına qan aldırmaq çox faydalıdır, onda şəfa və bərəkət vardır. Ağlı və hafizəni gücləndirir. Allahın bərəkəti üzrə Cümə axşamı qan aldırın, çərşənbə, Cümə, şənbə və bazar günləri qan aldır­maqdan çəkinin. Bazar ertəsi və çərşənbə axşamı qan aldırın, çünki həmin gün Uca Allah Əyyubu (Ona Allahın salamı olsun) xəstəlikdən sağaltmış, çərşənbə günü isə ona bəla vermişdir. Çünki, cüzam və albinos xəstəlikləri çərşənbə günü və ya onun gecəsi gəlir". (İbn Məcəh, 3487, 3616). Bu qadağan olunmuş günlər Hicri ayın 17, 19 və 21-ə düşərsə, qan aldırmaq məsləhət deyil, çünki qadağaya riayət etmək daha məqsədəuyğundur.

Teqlər: 
Paylaş: