Əmmar ibn Yasir və Fironun zövcəsi təqiyyə etmişlər?

    19.03.2024
Kimdən: 
Allahqulu
Sual: 
Salam yazmısız ki,teqiyye münafiqlerin emellerindendir. Quranda sehabe- emmar yasirin ve ya asiya xanımın fironun yanındaa imanını Qoruması teqiye deyilmi?
Cavab: 

Və aleykum Salam.

Əmmar ibn Yasirin (Allah ondan razı olsun) hadisəsi məcburiyyət qarşısında edilən günaha aiddir. Məcburiyyət qarşısında edilən günahlar isə bağışlanır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043). Hətta bu, Uca Allaha şərik qoşmaq və küfr etmək kimi ən böyük günah olsa belə bağışlanır. Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Əmmar ibn Yasir adlı səhabəsinin (radıyəllahu anhu) başına gəldiyi hadisəni misal gətirmək olar. Rəvayət edilir ki: "Məkkə müşrikləri Əmmar ibn Yasiri (Allah ondan razı olsun) həbs etmişdilər və qureyşdən olan bir müşrik əlindəki bütü ona tərəf tutaraq: "Bunu sənin tanrın olduğunu təsdiq et, yoxsa səni öldürəcəyəm" - dedi. Bu vaxt Əmmar ibn Yasir onların dediyi ilə razılaşdı. Sonra Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib hadisəni ona danışdı. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ondan soruşdu: "Həmin anda sənin qəlbində Allaha olan imanın necə idi?" O dedi: "Mənim Allaha olan imanımda zərrə qədər dəyişiklik yox idi". Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əmmar ibn Yasirin (Allah ondan razı olsun) sadiq olduğunu bəyan etdi".  Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcə, 2043). 

Fironun zövcəsi Asiyaya gəlincə, o imanını gizlətməmişdir. Gizlətmədiyinə görə də Firon tərəfindən ona əzab vermiş və onu öldürmüşdür. Uca Allah onun barəsində belə buyurur: "Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara: "Girənlərlə birgə ikiniz də oda girin!" - deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!" - demişdi. Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də (misal çəkdi). Biz onun (paltarının yaxasında olan kəsiyinə) Öz ruhumuzdan üfürdük. O, Rəbbinin Sözlərini və Onun Kitablarını təsdiq etdi və itaət edənlərdən oldu". (ət-Təhrim, 10-12). İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: "Fironun zövcəsi Asiyənin fəziləti budur ki, o, Allah yolunda ölməyi mal-dövlətdən üstün tutmuşdur, Allah yolunda əzab verilməyi dünya nemətlərindən üstün tutmuşdur. O ilk dəfə Musanı (uşaqkən) gördükdə "Bu uşaq həm mənim, həm də sənin üçün gözaydınlığıdır" deməkdə hissiyyatı onun aldatmamışdır". (Fəthul-Bari, 6/448).

Teqlər: 
Paylaş: